Suitilərin maraqlı bir vərdişi var: onlar kürəkləri üstə çevrilib, elə bil Şükran Günü şənliyindən sonra sərxoş qocalar kimi qarınlarını çırpırlar.
HİT.az xəbər verir ki, bu barədə “IFLScience” yazır.
Qeyd olunur ki, bu davranış gülünc görünsə də, əslində mürəkkəb və incə ünsiyyət formasıdır. Suitilər ov zamanı koordinasiya üçün, əlaqələrin qurulması və öz aralarında kommunikasiya məqsədilə müxtəlif xorultu, qurdultu, fısıltı, tıslama, fit və digər səslərdən ibarət bir sistemlə “ünsiyyət qururlar”. Onlar həmçinin liplərini bir-birinə çırpmaqla da “danışa” bilirlər.
Suyun altında bu oyunbaz görünən davranış ciddi məna daşıya bilər. 2020-ci ildə aparılan tədqiqat bir erkək suitinin suyun altında ön liplərini çırpmasını ilk dəfə qeydə alıb və bunun yüksək tezlikli, çox gur səs yaratdığını müəyyən edib. Bu səs fon səslərini belə üstələyir.
Onilliklər boyu aparılan digər araşdırmalarla birlikdə alimlər belə nəticəyə gəliblər ki, lipləri çırpmaq erkək suitilərin güc nümayişidir. Bu hərəkət nəsilartırma mövsümündə rəqibləri xəbərdar etmək və potensial partnyorları cəlb etmək üçün istifadə olunur. Avstraliyadakı Monaş Universitetinin Biologiya Məktəbinin tədqiqat müəllifi doktor Devid Xokinq bildirib:
"Vəziyyətdən asılı olaraq, liplərin çırpılması rəqibləri qorxutmağa və/və ya potensial partnyorları cəlb etməyə kömək edə bilər. Məsələn, öz sinəsinə vuraraq güc göstərən bir erkək qorillanı xatırlayın. Suitilərin lipləri çırpması da iki mesaj ötürür: mən güclüyəm, yaxınlaşma; və mən güclüyəm, genlərim yaxşıdır".
Qeyd edilir ki, suitilərin quru mühitdə və ya əsirlikdə, xüsusilə zoopark baxıcısının göstərişi ilə qarınlarını çırpmalarının səbəbi hələ tam aydın deyil, çünki bu barədə tədqiqat azdır. Bununla belə, bu davranışın da oxşar qarşıdurma məqsədilə istifadə oluna biləcəyi ehtimal edilir.
Bu, o demək deyil ki, suiti qorxub və ya özünü təhdid altında hiss edir. “Reddit” istifadəçilərindən biri qeyd etdiyi kimi, itlər də təhlükə hiss etdikdə və ya “güc göstərmək” istədikdə hürürlər, lakin onları günahsız vəziyyətlərdə də hürməyə öyrətmək mümkündür, xüsusilə də qarşılığında şirniyyat veriləcəksə.
Məqalədə vurğulanır ki, suitilər və itlər nisbətən yaxın qohumdurlar və bu əlaqə onların davranışında və görünüşündə hiss olunur. Hər iki növ canavarlar, tülkülər, yenotlar, samurlar, morjlar və digər növlərlə birgə “Caniformia” alt dəstəsinə aiddir.
Suitilər ev itləri qədər inkişaf etmiş idrak qabiliyyətinə malik olmasalar belə, onların davranışı bir o qədər incə və mənalı ola bilər.
Samir


