Dünyanın yaşayan ən kiçik atı: Boyuna və çəkisinə inanmaq çətindir

MARAQLI
13:52 / 05.12.2025
34

Almaniyada yaşayan Şetland ponisi Pumukkel inanılmaz dərəcədə alçaq boyu ilə rekorda imza atıb. 

Hit.az xəbər verir ki, sahibinin “təbiətin ironiyası” adlandırdığı bu miniatür at terapiya heyvanı kimi qocalar evlərindən məktəblərə qədər bir çox məkana baş çəkir və diqqət mərkəzində olmağı çox sevir.

Bu atın kiçik olduğunu demək azlıq olardı:  Pumukkelin boyu cəmi 52,6 santimetr təşkil edir. Bu, orta yaşlı atın boyundan qısa və tarixin ən uzun boylu atı - boyu 2,19 metr olan Sampsonun boyunun 1/4-dən də azdır.

Pumukkel bu adı Polşadan olan və 56,7 santimetr boyu ilə tanınan miniatür Appaloosa Bombeldən alıb. Lakin hər ikisi 2018-ci ildə ölən və cəmi 44,5 santimetr hündürlüyündə olan Thumbelina adlı miniatür atın tarixin ən alçaq boylu atı rekordunu keçə bilmir. Bununla belə, Pumukkel hazırda yaşayan ən kiçik at kimi rekordun sahibidir.

Şetland ponisi olan Pumukkelin təbii olaraq normal atlardan daha xırda olması gözləniləndir. Amma sahibi Karola Vaydemann Ginnessin Rekordlar Kitabına açıqlamasında onun bu qədər kiçik olmasının məqsədli yetişdirmə nəticəsi deyil, “təbiətin bir ironiyası” olduğunu deyir.

Vaydemann Pumukkel ilə ilk dəfə 2020-ci ildə terapiya heyvanı kimi işləyə biləcək kiçik atlar axtararkən tanış olduğunu və bir tanışının təsadüfən belə bir ata sahib olduğunu deməsilə onu görməyə getdiyini bildirir. O deyir: “Ora getdim, ona baxdım və həqiqətən şoka düşdüm. Heç vaxt bu qədər kiçik at görməmişdim”. 

O zaman Pumukkelin cəmi beş aylıq olduğunu deyən Vaydemann əlavə edir: “İnanın ya inanmayın, hündürlüyü cəmi 47 santimetr idi və yəqin ki, 20 kiloqrama belə çatmırdı”.

Aradan keçən beş il ərzində boyu çox uzanmasa da, bu “balaca kral”ın nəhəng bir xarakteri var. Pumukkelin “diqqət mərkəzində olmağı sevdiyi” deyilir və bu sevgi onun işinə də uyğundur.

Pumukkel təlim keçmiş terapiya atı kimi vaxtını qocalar evlərini, baxım müəssisələrini, uşaq bağçalarını, məktəbləri və əlilliyi olan şəxslər üçün mərkəzləri ziyarət etməklə keçirir. Almaniyadakı fermasında digər terapiya atları ilə birlikdə çəmənlikdə dincəlir. Boş vaxtlarında püre, saman, kök və alma yeməyi sevir.

Samir

0