Yeni il ən qədim bayramdır.
Hit.az xəbər verir ki, bəzi fərziyyələrə görə, bu bayramı ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə isə germanların və romalıların adı hallanır. Üçüncü versiyada isə Mesopotamiyada yarandığını sübut etmək cəhdləri var.
İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan, mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, yeni ilin gəlişi məhz həmin dövrdə ilk dəfə burada bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayar, insanlar yeni ilin gəlişini də elə o zaman qeyd edərmişlər. 12 gün ərzində təntənəli mərasimlər keçirilirdi. Bununla da xeyir Tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Bu dövrə aid gil kitabələrdən biri üzərində bununla bağlı yazılı məlumat da öz əksini tapıb.
Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini şumerlərdən və babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə indiki İran ərazisində yaşayan xalqların da təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günündə ən qısa gündüz ən uzun gecə ilə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır.
Qədim şərqlilər müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Şərqə yürüş edən romalılar sonradan Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Təkcə bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – işığın qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Yeni ilin bayram kimi qeyd olunma adəti dünya ölkələrində müxtəlif olsa da bu bayramın əsas məqsədi xoş möcüzələr, yeni uğurlar, arzular və xoşbəxtlikdir.
Sevinc


