"Space" saytının məlumatına görə Ceyms Uebb Kosmik Teleskopu (JWST) 13 milyard il əvvəl baş vermiş və indiyədək qeydə alınan ən qədim supernovanın işığını aşkar edib.
HİT.az xəbər verir ki, bu kəşf astronomiya tarixində yeni rekord hesab olunur.
14 mart tarixində Fransız–Çin birgə peyki olan SVOM dərin kosmosdan gələn güclü qamma şüası partlayışını qeydə alıb. Ardınca ABŞ-ın "Swift" teleskopu eyni hadisəni X-şüalarında müşahidə edərək partlayışın göydəki dəqiq mövqeyini müəyyənləşdirib.
Müşahidələrə əsasən, kainatın genişlənməsi səbəbindən partlayışdan gələn işıq "yavaşlamış" kimi görünür. Normalda bir neçə gün ərzində maksimum parlaqlığa çatan supernova, Yer üzərindəki müşahidəçilər üçün 3,5 ay sonra ən parlaq nöqtəsinə yüksəlib.
Bu məlumatı nəzərə alan alimlər JWST üçün "Direktor təsdiqli müşahidə vaxtı" tələb ediblər və 1 iyulda teleskop supernovanın işığını ilk dəfə qeydə alıb.
Tədqiqat qrupunun rəhbəri Endrü Levan bildirib ki, bu hadisənin gerçəkdən supernova olduğunu birbaşa sübut edə biləcək yeganə teleskop JWST-dir. O əlavə edib: "Bu müşahidə göstərir ki, JWST vasitəsilə kainat yaşının yalnız 5 faizi olduğu dövrdəki fərdi ulduzları belə aşkar edə bilərik".
JWST həmçinin supernovanın yerləşdiyi qalaktikanı da görüntüləyib. Yalnız bir neçə pikseldən ibarət olsa da, bu solğun görüntü ilkin qalaktikanın kainatın ilk dövrlərindəki digər qalaktikalara bənzədiyini göstərib.
Bu supernova, indiyədək müşahidə olunan ən qədim və ən uzaq supernova kimi tarixə düşüb.
Əvvəlki rekord, Böyük Partlayışdan 1,8 milyard il sonra baş vermiş bir supernovaya məxsus idi. GRB 250314A hadisəsinə müşayiət edən bu yeni supernova həmin rekordu açıq şəkildə geridə qoyub.
Samir


