Dünyada çox sayda təhlükəli zəhərli heyvan mövcuddur. Onlardan biri də ilanlardır və bu qrupda olduqca qeyri-adi növlər var.
Hit.az xəbər verir ki, “BBC Wildlife Magazine” nəşrində tüpürən kobralar haqqında bəhs edilib. Bu, bir neçə ilan növünə verilən ümumi addır və onlar inanılmaz dəqiqliklə bir neçə metr məsafəyə zəhər “ata” bilirlər.
Tüpürən kobralar niyə zəhər tüpürür?
Qeyd olunur ki, tüpürən kobralar ikiqat təhlükə mənbəyidir. Onların dişləməsi ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər, lakin bu, yeganə silahları deyil. Bu ilanlar zəhəri dişlərindən birbaşa hücum edənlərin gözlərinə tüpürə bilirlər.
Nəşrin məlumatına görə, tüpürən kobranın zəhəri gözlərdə şiddətli yanma ağrısı, ciddi zədələr və bəzən geri dönməz korluq yaradır. Ümumilikdə bu cür ilanların 15 növü mövcuddur və onlardan yalnız 14-ü əsl kobra hesab olunur və “Naja” cinsinə aiddir.
Bildirilib ki, boyunlu kobra da zəhər tüpürə bilir, lakin o, əsl kobra sayılmır. Bu, “Hemachatus” cinsinə aid yeganə növdür.
Tüpürən kobraların əksər növləri Afrikada və Asiyada yaşayır. Afrika növləri daha çox quru ərazilərə üstünlük verir, Asiya növləri isə tropik meşələrdə yayılıb.
Nəşrdə vurğulanır ki, tüpürən kobralar zəhəri ovunu öldürmək üçün istifadə etmir. Ov zamanı onlar dişləyir və zəhəri birbaşa qurbanın bədəninə yeridir. Onların əsas ovları adətən kiçik məməlilər, amfibiyalar və sürünənlər olur. Zəhər tüpürmək isə yalnız təhlükəni qorxutmaq məqsədi daşıyır.
Maraqlıdır ki, kobraların tüpürdüyü zəhərlə ov zamanı istifadə etdikləri zəhərin kimyəvi tərkibi fərqlidir. Nəşr qeyd edir ki, ov üçün istifadə edilən zəhər əsasən neyrotoksik olur, tüpürülən zəhər isə güclü ağrı yaratsa da, öldürücü təsir göstərmir.
Kobralar zəhəri necə “atır”?
Nəşrin izahına görə, tüpürən kobralar əslində zəhəri tüpürmür. Zəhər dişlərdəki kiçik dəliklərdən yüksək təzyiq altında xaric olur və 3 metrə qədər məsafəyə çata bilir.
Zəhərin bu qədər uzağa getməsi dişlərin ətrafındakı əzələlərin yığılması nəticəsində yaranan yüksək təzyiq sayəsində mümkün olur. Əzələlər zəhər vəzilərini sıxır, zəhər dişlərə ötürülür və hər dişdəki kiçik dəlikdən çölə atılır.
Anadangəlmə snayperlər
Nəşr əlavə edir ki, tüpürən kobralar heyrətamiz dəqiqliyə malikdir. Onlar demək olar ki, həmişə gözləri hədəf alırlar ki, zəhər maksimum zərər vursun. Təxminən halların 90 faizində hədəfə dəqiq tuş gəlirlər.
Gözlərə dəqiq nişan almaq üçün ilan hədəfin hərəkət istiqamətini, sürətini və zəhərin dişlərdən çıxmasından sonra 3 metrədək məsafəni qət etməsi üçün lazım olan vaxtı nəzərə almalıdır.
Bununla yanaşı, zəhərin hədəfə çatma ehtimalını artırmaq üçün ilan tüpürərkən başını sağa-sola hərəkət etdirir. Bu, zəhərin daha geniş sahəyə yayılmasına və hədəfə düşmə şansının artmasına imkan verir.
Samir


