Harvard Universitetinin professoru Cad Kessler münasibət axtarışında daha uğurlu olmaq üçün iki sadə addım atmağı məsləhət görüb.
Hit.az-ın məlumatına görə, o, CNBC üçün yazdığı məqalədə xatırladıb ki, “Tinder”in son hesabatı həm qadınlar, həm də kişilər arasında tanışlıqlara münasibətdə pessimist əhval-ruhiyyənin artdığını göstərib. Sorğuya əsasən, qadınların 94 faizi, kişilərin isə 91 faizi tanışlıqların getdikcə daha çətinləşdiyini düşünür.
Professor tanışlıqlara bazar sistemi kimi yanaşmağı təklif edir. Onun fikrincə, əsas problem seçimlərin həddən artıq çox olmasıdır. Cad Kessler bu problemi aradan qaldırmaq üçün iki hissədən ibarət optimal yanaşma təqdim edib.
Maraq göstərməyənləri kənarlaşdırın
Sizə maraq göstərməyən insanları qəti şəkildə süzgəcdən keçirin. Adətən insanlar öz səviyyəsindən aşağı hesab etdiklərini ələyir: xoşuna gəlməyən profilləri sola “svayp” edir və ya kimsə kifayət qədər cəlbedici olmadıqda yazışmanı dayandırırlar. Lakin eyni zamanda sizinlə tanış olmağa real maraq göstərməyən şəxsləri də vərdiş halında tez bir zamanda kənarlaşdırmaq lazımdır. Bu cür insanları sürətlə siyahıdan çıxarıb yolunuza davam etmək çətin ola bilər, amma bu zəruridir.
Fərdi üstünlüklərinizə qulaq asın
Partnyorda nə istədiyinizi dəqiq müəyyənləşdirin. Sizin üçün xüsusilə vacib olan, başqaları üçün isə tipik olmayan cəhətlər hansılardır? İqtisadçılar bunu fərdi üstünlüklər adlandırır və daha çox yayılmış ümumi üstünlüklərdən fərqləndirirlər. Əlbəttə, klassik gözəlliyə, yüksək maaşa və sosial statusa malik insanlar xoşunuza gələ bilər. Ancaq bu ümumi meyarlar çox sayda insanı cəlb edir. Belə olan halda, saysız-hesabsız seçimlər arasında məhz sizin həmin şəxsin diqqətini ən çox çəkən insan olma ehtimalınız xeyli aşağıdır. Əvəzində, sizi fərdi üstünlüklərinizə görə cəlb edən bir insanla uyğunluq şansı daha yüksək olur.
Samir


