"Cəsarətli" həyat formaları: lavlar hələ soyumadan məskunlaşırlar

MARAQLI
19:15 / 25.12.2025
42

Yer üzündə həyatın sərhədlərini zorlayan mikroorqanizmlər elmi dünyanı heyrətləndirməyə davam edir. Bu dəfə diqqət mərkəzində vulkan püskürmələrindən sonra geridə qalan, hər cür canlıdan təmizlənmiş kimi görünən kimsəsiz ərazilər dayanır.

Hit.az xəbər verir ki, alimlər vulkan püskürməsindən dərhal sonra, hələ yeni soyumağa başlayan lavların üzərində mikrobların necə yaşamaq uğrunda mübarizə apardığını araşdırıblar.

"Communications Biology” jurnalında dərc olunan tədqiqat, lavların səthə çıxaraq hər şeyi sıfırladığı bir mühitdə mikroorqanizmlərin bu təzə torpaqlara sanki “ön dəstə” kimi necə yerləşdiyini ilk dəfə bu qədər aydın şəkildə sənədləşdirir.

Adətən adi yaşayış mühitlərində artıq formalaşmış tarazlıq olduğundan həyatın təkamülünü izləmək çətindir. Lakin vulkan püskürməsi hər şeyi məhv edərək alimlər üçün ideal “təbii laboratoriya” yaradır. Tədqiqatçılar bu prosesi müşahidə etmək üçün İslandiyadakı Fagradalsfjal vulkanına üz tutublar. Yer altından çıxan lavların temperaturu 1000 dərəcə Selsidən yuxarı olur ki, bu da toxunduğu hər şeyin tam sterilizə edilməsi deməkdir. Nəticədə nə suyun, nə qidanın, nə də canlı izinin qaldığı, həyat üçün mümkünsüz görünən qapqara qayalıq sahə yaranır.

Oddan sonra gələn “döyüşçü” mikroblar
“Arizona universiteti”nin alimləri tərəfindən 2021–2023-cü illərdə aparılan araşdırma göstərib ki, bu qədər ekstremal mühit belə mikroblar üçün maneə deyil. Üç fərqli püskürmədən sonra lavlar nümunə götürülə biləcək qədər soyuyan kimi toplanıb və DNT analizləri aparılıb. Nəticələr gözlənilməz olub: lavlar bərkiyəndən cəmi bir neçə saat və ya gün sonra mikroorqanizmlər bu kimsəsiz qayaları özlərinə yaşayış yeri seçməyə başlayıb. “Cəsarətli” kimi xarakterizə olunan bu ilk mikrob dalğasının bölgəyə ehtimal ki, yağış suları vasitəsilə çatdığı düşünülür. Qış aylarında sərt soyuqlar səbəbindən saylarında müəyyən azalma müşahidə olunsa da, bu icmalar üç püskürmə dövrü ərzində mövcudluqlarını sabit şəkildə qoruyub.

Tədqiqatçıları maraqlandıran əsas sual isə bu prosesin yalnız Yer kürəsi ilə məhdudlaşıb-məhdudlaşmadığıdır. Vaxtilə güclü vulkanik aktivliyə malik olan Mars kimi planetlərdə də oxşar məskunlaşmanın baş verib-vermədiyi müzakirə olunur. Vulkan püskürmələri lava ilə yanaşı atmosferə istilik və uçucu qazlar da buraxır. Bu isə keçmişdə Marsda müvəqqəti, lakin yaşama uyğun dövrlərin mövcud ola biləcəyi fikrini gücləndirir. Marsdakı vulkanlar bu gün susqun olsa da, Yer üzündə təzə lava süxurlarına yerləşən bu inadkar orqanizmlər həyatın ən kiçik ölçüdə belə möhtəşəm şəkildə yaşaya bildiyini sübut edir və Qırmızı Planetdə həyat ehtimalına dair ümidləri artırır.

Samir

0