Mifologiyadan reallığa: Bir balina həqiqətən insanı uda bilərmi?

MARAQLI
22:56 / 25.12.2025
42

Bir çox mifologiya və qədim hekayədə balinanın mədəsi, adətən qaranlıqla üz-üzə gəlinən və oradan tamamilə fərqli biri kimi çıxılan simvolik bir ölüm və yenidən doğuş məkanını təmsil edir. 

HİT.az xəbər verir ki, Yunus peyğəmbərdən Pinokkioya qədər uzanan bu hekayələr, nəhəng bir dəniz canlısı tərəfindən udulma fikrini ağıllarımıza həkk edilib.

Lakin təxəyyülümüzü bir kənara qoyub elmin işığında baxdıqda, balinanın insanı udması demək olar ki, qeyri-mümkün görünür. Dünyanın gəlib-keçmiş ən böyük canlısı olan göy balinalar, nəhəng gövdələrinə baxmayaraq, əslində xırda qrilərlə qidalanır. Gündə milyonlarla kiçik kəlləcəyi mədəsinə endirən bu görkəmli nəhəngin insanı udması bioloji cəhətdən mümkün deyil. Göy balinanın qida borusu insan bədəninin keçə bilməyəcəyi qədər dar quruluşa malikdir və üstəlik, bu balinaların dişləri də yoxdur.

Bunun əvəzində "balen" adlanan və suyu süzüb ovlarını içəridə saxlamağa xidmət edən fırçavari quruluşlardan istifadə edirlər. Eyni vəziyyət kambur balinalar və digər balenli növlər üçün də keçərlidir. Yəni fiziki quruluşları insanı tam halda udmağa imkan vermir.

Lakin, dişli balinalar sinfinə aid olan kaşalot balinaları ilə bu vəziyyət dəyişir. Nəhəng kalakarla qidalanan bu canlılar, həqiqətən də insanı uda biləcək qədər geniş bir boğaza malikdirlər. Hətta nəhəng kalakarların mövcudluğu, canlı bir nümunəsi görülməzdən çox əvvəl, ovlanan bir kaşalot balinasının mədəsindən çıxan parçalar sayəsində sübut olunmuşdu. Lakin bu balinalar vaxtının çoxunu okeanın qaranlıq və dərin sularında keçirdiyi üçün, insanla yollarının kəsişmə ehtimalı inanılmaz dərəcədə aşağıdır.

19-cu əsrin sonlarında qəzetlərə öz əksini tapmış məşhur Ceyms Bartli hekayəsi bu mövzudakı ən böyük əfsanələrdən biridir. İddiaya görə, Betli bir balina tərəfindən udulmuş və 36 saat sonra ekipajı tərəfindən balinanın mədəsi kəsilərək sağ çıxarılmışdı. Lakin elmi baxımdan nəzər saldıqda, bu hekayənin real olması mümkünsüzdür. Balinanın mədəsində oksigen olmaması və içəridəki sıx qazlar, ən dözümlü dənizçinin belə orada bir neçə dəqiqədən artıq yaşamasına imkan vermir.

Müasir dövrdə isə balinaların insanları "təsadüfən" ağzına aldığı, lakin dərhal geri tüpürdüyü bəzi hadisələr yaşanır. Məsələn, 2021-ci ildə Massaçusetsdə bir dalğıc, 2025-ci ilin fevralında isə Çilidə bir kanoçu oxşar qorxulu anlar yaşadı. Kambur balinalar balıq sürülərini ovlamağa çalışarkən, aralarındakı insanları da ağızlarına aldılar, lakin nə baş verdiyini anladıqları anda bu "xarici cisimləri" dərhal xaricə atdılar.

Bu təsadüfi qarşılaşmalar əslində balinaların aqressivliyini deyil, biz insanların onların yaşayış məkanlarına nə qədər çox daxil olduğumuzu göstərir. Balinaların qidalanma sahələrinə daxil olduğumuz hər an, həm özümüzü, həm də bu nəhəng canlıları böyük bir risklə üz-üzə qoyuruq.

Samir

0