Son illərdə sosial mediada insanın reallıq qavrayışını kökündən sarsıdan bir nəzəriyyə dolaşır: Dünya əslində 2012-ci ildə artıq məhv olub və biz o gündən bəri nəhəng bir simulyasiyanın içində yaşayırıq…
HİT.az xəbər verir ki, bir vaxtlar Maya təqviminin 21 dekabr 2012-ci ildə sona çatması ilə qiyamətin qopacağı iddia edilirdi. Həmin gün fiziki mənada bir dağıntı baş verməmiş ola bilər. Ancaq sui‑qəsd nəzəriyyəçilərinə görə, məhz o tarixdə kainatımız bir şəkildə “qırıldı” və insan şüuru artıq heç nəyin əvvəlki kimi olmadığı süni bir reallığa transfer edildi.
Bu qorxuducu iddianın son dövrlərdə bu qədər populyarlaşmasının səbəbi, son on ildə dünyada baş verən hadisələrin məntiq sərhədlərini zorlamasıdır. Qlobal pandemiyalar, iqlim böhranları, bitib-tükənməyən siyasi qarışıqlıqlar və sosial narazılıqlar bir çox insanda “real bir dünyada bunlar olmazdı” hissini yaradır. İnternet forumlarında və sosial mediada bu vəziyyəti bir növ “proqram təminatı xətası” kimi izah edənlərin sayı getdikcə artır. İnsanlar yaşadıqları qəribəlikləri izah etmək üçün “Dünya 2012-ci ildə bitdi, biz indi ya bir qara dəliyin içindəyik, ya da yadplanetlilərin idarə etdiyi Matrix tipli bir kainatda yaşayırıq” deməyə üstünlük verirlər.
Nəzəriyyənin ən diqqətçəkən tərəflərindən biri də elmi təcrübələrlə qurduğu qəribə əlaqədir. Bu sui‑qəsd nəzəriyyəsinin tərəfdarları iddia edirlər ki, məhz həmin dövrdə CERN-də Böyük Hadron Toqquşdurucusunda kəşf edilən və “Tanrı zərrəciyi” adlandırılan Higgs bozonu ilə bağlı təcrübələr bir fəlakətə səbəb olub. Onların fikrincə, bu yüksək enerjili toqquşmalar zamanı yaranan mikroskopik bir qara dəlik Yer kürəsini udub. Ancaq biz ölmək əvəzinə, şüurumuzun fərqi hiss olunmayacaq dərəcədə oxşar paralel bir kainata keçməsi səbəbindən həyatımıza davam etdiyimizi zənn edirik. Bu “keçidin” sübutu kimi isə Mandela effekti – çox sayda insanın eyni yanlış xatirələri paylaşması göstərilir.
Hətta Elon Musk kimi texnologiya dünyasının nəhəng fiqurları belə simulyasiya ideyasına tam uzaq deyil. Musk tez-tez bildirir ki, bizi yaradan bir varlıq nəhəng bir kompüter simulyasiyası işlədə bilər və həyatımız bir növ “yadplanetli Netflix serialı” kimi izlənilə bilər. Onun fikrincə, əgər reytinqlər düşərsə və ya insanlıq darıxdırıcı hala gələrsə, simulyasiyanın söndürülməsi riski belə mövcuddur.
Əlbəttə, elm dünyası bu iddiaları heç bir sübuta əsaslanmayan cəfəngiyyat kimi qiymətləndirir və Maya təqviminin sadəcə bir dövrün bitib yenisinin başladığını xatırladır. Lakin dünyadakı xaos artdıqca, “əslində biz burada deyilik” düşüncəsi bir çox insan üçün psixoloji qaçış nöqtəsi olaraq cazibəsini qorumağa davam edəcək.
Samir


