Dinozavrlar dövründə yaşayıb: Ən sirli balıqlardan biri...

MARAQLI
23:53 / 12.01.2026
55

Buruq köpəkbalığı (Chlamydoselachus anguineus) təkamüldən sağ çıxmış ən sirli canlılardan biri sayılır. O, dinozavrlar dövründə yaşayıb və bu gün də dərin sularda məskunlaşaraq son 80 milyon il ərzində demək olar ki, dəyişməz qalıb.

Hit.az xəbər verir ki, bu barədə bioloq Skott Travers “Forbes” üçün yazdığı məqalədə qeyd edir.

Dinozavrlarla yanaşı üzən köpəkbalığı

Fosil tapıntıları göstərir ki, köpəkbalığına bənzər ilk balıqlar 420 milyon ildən artıq əvvəl meydana çıxıb. Buruq köpəkbalığı hazırda yaşayan, qədim Chlamydoselachidae ailəsinə aid cəmi iki növdən biridir və təkamülün erkən mərhələsində müasir köpəkbalıqlarının əcdadlarından ayrılıb. “BioMed Research International” jurnalında 2013-cü ildə dərc olunan araşdırmaya görə, bu növün yaranma tarixi 115,4 milyon il əvvələ – dinozavrlar dövrünə təsadüf edir. Bu isə onun köpəkbalıqlarının təkamül ağacının kökünə çox yaxın ayrıldığını göstərir.

Dünyanın ən qədim köpəkbalıqlarından biri necə görünür?

Buruq köpəkbalığı adətən 600 metrə qədər dərinlikdə yaşayır və buna görə də onu dəniz səthinə yaxın ərazilərdə canlı şəkildə görmək olduqca nadirdir. İlk baxışdan bu canlıda köpəkbalığını tanımaq belə çətin ola bilər.

Onun uzunsov bədəni iki metrə qədər çata bilər və çox ləng hərəkət edir. Bu forma təsadüfi deyil: məhz belə quruluş onu dərin sularda yaşamağa uyğunlaşdırır. Köpəkbalığının altı cüt qəlsəmə yarığı boğazının ətrafında xarakterik “yaxa” əmələ gətirir və növ də adını məhz buradan alıb. Müasir köpəkbalıqlarının əksəriyyətində beş qəlsəmə yarığı olur; əlavə yarıq isə daha qədim anatomik quruluşun göstəricisidir və əsasən erkən fosil nümunələrində rast gəlinir.

Onun çənə quruluşu da təkamüli baxımdan qədim xüsusiyyət daşıyır. Müasir köpəkbalıqlarının çoxunda olduğu kimi irəli çıxan çənə əvəzinə, buruq köpəkbalığının çənəsi daha sərt şəkildə kəlləyə birləşib. Bu quruluş erkən qığırdaqlı balıqların çənəsini xatırladır.

Bununla yanaşı, buruq köpəkbalığının ağzında sıralar üzrə düzülmüş 300-dən çox diş var. Hər dişin üç iti, iynəyə bənzər ucu olur. Bu quruluş iri ovdan böyük parçalar qoparmaq üçün uyğun deyil; əksinə, ovu deşib saxlamaq məqsədi daşıyır.

Mədə möhtəviyyatının analizinə əsaslanan tədqiqatlar göstərir ki, buruq köpəkbalıqları əsasən dərin sulu başayaqlılar, çılpaq qəlsəməli molyusklar və xırda sümüklü balıqlarla qidalanır. Onların rasionunun təxminən 60 faizini müxtəlif növ kalmarlar, həmçinin digər köpəkbalıqları təşkil edir.

Maraqlıdır ki, “Yapon ixtiologiya jurnalı”nda dərc olunan araşdırmaya əsasən, buruq köpəkbalığı okeandakı bütün canlılar arasında ən uzun hamiləlik müddətinə malik ola bilər. Tədqiqatçılar bildirirlər ki, bu növün hamiləliyi üç il yarıma qədər davam edə bilər.

Samir
 

0