Təbiət qanunlarını pozur: Okeanın dərinliklərindəki dünyanın yeganə isti qanlı balığı

MARAQLI
10:10 / 14.01.2026
47

Okeanın yüzlərlə metr dərinliyində dünyada yeganə tam isti qanlı balıq yaşayır. 

HİT.az xəbər verir ki, “IFLScience” nəşrinin yazdığına görə, söhbət “ay balığı”ndan gedir.

Qeyd olunur ki, 2015-ci ildə aparılan tədqiqatda alimlər “ay balığı”nı elmə məlum olan ilk tam isti qanlı balıq kimi elan ediblər. Məməlilər kimi, bu balıq da bədəninin bütün hissələrinə qızdırılmış qan dövriyyə etdirir və bu xüsusiyyət ona bir sıra üstünlüklər qazandırır.

Nəşrdə vurğulanır ki, balıqların soyuqqanlı olması onların tənəffüs mexanizmi baxımından məntiqlidir. Onlar havadan deyil, dəniz suyundan oksigen alır; su qəlsəmələrdəki qan damarlarından keçərək oksigeni qana ötürür.

Okean mühiti soyuq olduğu üçün balıqların qan temperaturunun da ətraf mühitlə eyni olması təbii sayılır. Lakin “ay balığı” bu qaydanı pozur.

Alimlər müşahidə ediblər ki, “ay balıqları” həmişə ətrafdakı sudan daha isti olur. Üstəlik, bu istilik hərəkətlə bağlı deyil və balığın bütün bədəni boyunca, o cümlədən ürəkdə də sabit şəkildə qorunur.

Tədqiqatçılar “ay balığı”nın anatomiya və fiziologiyasını araşdırarkən qəlsəmələrində maraqlı bir mexanizm aşkar ediblər. Qan damarlarının şəbəkəsi qəlsəmələrdə əksaxınlı istilik mübadiləsi yaradır. Yəni bədəni tərk edən isti qan, qəlsəmələrdən geri qayıdan soyuq qanı qızdırır.

“Balıqların qəlsəmələrində indiyədək buna bənzər heç nə müşahidə olunmayıb. Bu, həmin heyvanların onlara ciddi rəqabət üstünlüyü verən möhtəşəm bir yeniliyidir. Əksaxınlı istilik mübadiləsi anlayışı, insanlar bu ideya üzərində düşünməzdən çox əvvəl balıqlar tərəfindən ‘ixtira olunub’”, deyə “NOAA Fisheries”in Cənub-Qərb Elmi-Tədqiqat Mərkəzinin bioloq-ixtioloqu Nikolas Veqner bildirib.

Alimlərin sözlərinə görə, bu mexanizm oksigen mübadiləsi zamanı istilik itkisini minimuma endirir və “ay balığı”na tam isti qanlı qalmağa imkan verir. Nəticədə balıq qanının temperaturunu ətraf sudan təxminən 5 dərəcə Selsi yüksək səviyyədə saxlaya bilir.

Bundan əlavə, tədqiqatlar göstərib ki, “ay balıqları” ətraflarındakı digər balıqlarla müqayisədə daha sürətli üzür və daha yaxşı görür.

Samir

0