Şəhərlərin altı qazılmağa başladı: Kəlbətinli işğalçılar infrastruktur sistemlərini tıxayır

MARAQLI
23:32 / 16.01.2026
47

Şəhər əfsanələri və populyar mədəniyyət bizi illərdir kanalizasiyalarda yaşayan timsahlar və ya ninja tısbağalarla qorxutsa da, su yollarımızın altındakı real təhlükə daha kiçik və tüklü bir formada ortaya çıxıb. 

HİT.az xəbər verir ki, Şərqi Asiyanın çaylarına məxsus bir növ olan Çin mitten xərçəngləri adlarını boks əlcəyini xatırladan tüklü kəlbətinlərindən alır. Boz-yaşıl çalarları ilə adi görünsələr də, bu canlılar Şimali Amerika və Avropadakı su ekosistemlərini səssizcə işğal edərək bioloji böhran yaratmağa başlayıb.

Bu xərçənglərin qitələrarası yayılmasına dair iki əsas ehtimal mövcuddur. Birinci versiyaya görə, onlar gəmilərin tarazlığını qorumaq üçün istifadə edilən ballast sularına qarışaraq okeanı keçiblər. Digər ehtimala əsasən isə Uzaq Şərq mətbəxində olduqca populyar olan bu növ hər il Çin Yeni ili münasibətilə minlərlə ədəd qanunsuz şəkildə daşınıb.

Səbəbi nə olursa olsun, çatdıqları yeni sularda bu xərçənglər yerli ekosistem üçün ciddi təhlükəyə çevrilir. Kəlbətinlərindən istifadə edərək yerli xərçəngkimiləri və qızılbalıq balalarını ovlayan bu acgöz işğalçılar qida zəncirinin zirvəsinə yüksələrək yerli növləri aclıqla üz-üzə qoyur. Bununla yanaşı, onlar təkcə canlılara deyil, çay sahillərinə də ziyan vurur. Uzunluğu yarım metrə çatan tunellər qazaraq çay yataqlarını köstəbək yuvasına çevirən xərçənglər sahillərin zəifləməsinə və çökməsinə səbəb olur.

Xərçənglərin yaratdığı fəsadlar yalnız təbiətlə məhdudlaşmır, bu arzuolunmaz qonaqlar şəhərlərin infrastruktur sistemlərinə də ciddi zərər vurur. ABŞ-da San-Fransisko və Hadson çaylarında, Avropada isə Londonun məşhur Temza çayında sürətlə yayılan koloniyalar artıq kanalizasiya borularını və sənaye obyektlərini təhdid edir. Niderlandın bəzi kəndlərində kanalizasiya təmizləyici qurğuların xərçəng istilası səbəbindən tıxanmasından sonra xüsusi qoruyucu barmaqlıqlar hazırlanmalı olub. Hətta Neymegen və Velsen şəhərlərindəki enerji stansiyalarının soyutma sistemlərini tıxayan bu canlılar sənaye müəssisələri üçün ciddi maliyyə yükünə çevrilib.

Bu işğalçı sürüdən xilas olmağın yolu isə mətbəxdən keçə bilər. Mütəxəssislər Temza çayındakı xərçəng populyasiyasının yerli balıqçılar üçün yeni qazanc mənbəyinə çevrilə biləcəyini və bununla say baxımından nəzarət altına alına biləcəyini bildirirlər. Lakin bu həll yolunun qarşısında kiçik, amma təhlükəli bir maneə var: parazitlər.

Çin mitten xərçəngləri “ağciyər qurdu” kimi tanınan parazit növünü daşıya bilir. Yüksək temperaturda bişirmə bu riski aradan qaldırsa da, xüsusilə kanalizasiya borularından toplanan xərçənglərin qida zəncirinə daxil edilməsi ictimai sağlamlıq baxımından ciddi suallar yaradır. Alimlər və yerli qurumlar hazırda bu tüklü işğalçıları yaxından izləyir, lakin su yollarının gələcəyi üçün qalıcı həll hələ də tapılmayıb.

Samir
 

0