Qəzəb və nifrət sadəcə “hirslənmənin” müxtəlif dərəcələri deyil, fərqli təkamül funksiyaları yerinə yetirən iki müstəqil emosional mexanizmdir.
HİT.az xəbər verir ki, beynəlxalq psixoloqlar qrupunun gəldiyi bu nəticə “Evolution and Human Behavior” (“EHB”) jurnalında dərc olunub.
Tədqiqat müəllifləri qeyd edirlər ki, elmi ədəbiyyatda və gündəlik danışıqda nifrət tez-tez qəzəbin daha güclü və ya daha davamlı forması kimi təqdim olunur. Lakin təkamül baxımından bu yanaşma mübahisəlidir. Əgər emosiyalar sağ qalma ilə bağlı fərqli problemlərə uyğunlaşma kimi formalaşıbsa, onlar fərqli davranış modellərini işə salmalıdır.
Araşdırmanın aparıcı müəllifi, Kaliforniya Universitetindən Mitçell Landers bildirir ki, qəzəb və nifrətin qarışdırılması münaqişə zamanı insanın əsl məqsədinin yanlış başa düşülməsinə və nəticədə səmərəsiz həll strategiyasının seçilməsinə səbəb ola bilər.
Təklif olunan modelə əsasən, qəzəb “danışıqlar” funksiyası daşıyır. Bu emosiyanın yaranması qarşı tərəfin insanın maraqlarını yetərincə qiymətləndirmədiyi hallarla bağlıdır və bu münasibətin qəbuledilməz olduğuna dair siqnal rolunu oynayır. Qəzəb qarşıdurmaya girməyə, mövqeyi izah etməyə və üzr istənilməsini tələb etməyə sövq edir ki, əməkdaşlıq daha əlverişli şərtlərlə bərpa olunsun.
Nifrət isə tamam başqa bir problemi həll etməyə yönəlib — mövcudluğu təhlükə və ya davamlı zərər mənbəyi kimi qəbul edilən “toksik” insanla münasibətə. Bu halda danışıqların mənası qalmır, emosiyanın məqsədi isə təhlükəni neytrallaşdırmaqdır: məsafə saxlamaq, qarşı tərəfin sosial mövqeyini zəiflətmək və ya onu həyatından tamamilə çıxarmaq.
Bu hipotezi yoxlamaq üçün alimlər ABŞ və Böyük Britaniyadan 725 nəfər arasında sorğu keçiriblər. İştirakçılardan ya nifrət hiss etmədən güclü qəzəb duyduqları bir insanı, ya da ən çox nifrət etdikləri şəxsi xatırlamaları istənilib. Daha sonra onlardan hansı addımları atmaq istədiklərini qiymətləndirmələri xahiş olunub — dialoq və barışıq cəhdlərindən tutmuş əlaqəni tam kəsməyə və zərər vermə fantaziyalarına qədər.
Nəticələr birmənalı olub. Qəzəb vəziyyətində insanlar münasibətləri bərpa etməyə yönələn strategiyalara üstünlük veriblər: söhbət, öz mövqeyini izah etmək, üzr gözləmək. Nifrət vəziyyətində isə həmin şəxsdən birdəfəlik uzaqlaşmaq, onu resurslardan məhrum etmək və ya zərər vurmaq istəyi üstünlük təşkil edib. Bu fərqlər hər iki ölkədə sabit şəkildə müşahidə olunub.
Əlavə təhlil göstərib ki, qəzəbin güclənməsi “müzakirə və razılaşma” meylini artırır, lakin bu strategiya uzun müddət nəticə vermədikdə qəzəb nifrətə çevrilə bilər. Nifrətin intensivliyinin artması isə əksinə, dialoqa hazırlığı tamamilə aradan qaldırır.
Samir


