Yupiterin bitib-tükənməyən fırtınalarının və ucsuz-bucaqsız bulud qatlarının dərinliklərində əslində bütün Günəş sisteminin necə yarandığına dair ən vacib ipuclarından biri gizlənir. Alimlər uzun illərdir nəhəng planetin kimyəvi tərkibini, xüsusilə də daxili qatlarındakı oksigen miqdarını anlamağa çalışırdılar.
HİT.az xəbər verir ki, Çikaqo Universiteti və NASA-nın “Jet Propulsion Laboratory” mərkəzindən olan tədqiqatçıların apardığı yeni araşdırma bu sirrin üzərindəki pərdəni bir qədər də aralayıb. Təkmilləşdirilmiş kompüter simulyasiyalarından istifadə edən komanda Yupiterin Günəşlə müqayisədə təxminən bir yarım dəfə daha çox oksigen ehtiva etdiyini müəyyənləşdirib. Bu nəticə təkcə nəhəng bir planetin daxili quruluşu ilə bağlı deyil, həm də sistemimizin ilkin formalaşma illəri haqqında bildiyimiz hekayəni köklü şəkildə dəyişdirir.
Lakin Yupiterin atmosferinin ölçülməsi ilk baxışdan göründüyündən xeyli daha çətin prosesdir. 360 ildən artıqdır müşahidə edilən nəhəng “Böyük qırmızı ləkə” və mürəkkəb bulud strukturları planetin əsas sirlərini dərin qatlarda gizlədir. Oksigenin böyük hissəsi dərinliklərdə suyun içində tutulub və bu bölgələr orbitdəki peyklərin və yalnız üst qatları araşdıran kosmik aparatların çata bilməyəcəyi qədər uzaqdadır. Tədqiqatçılar bu maneəni aşmaq üçün Yupiterin daxili atmosferinə dair indiyədək hazırlanmış ən detallı simulyasiyanı yaradıb. Bu modelin əsas fərqi atmosfer kimyasını və qaz axınlarını ilk dəfə vahid bir sistem kimi nəzərdən keçirməsidir.
Əvvəlki tədqiqatlar kimyəvi reaksiyaları və atmosfer dinamikasını ayrı-ayrılıqda dəyərləndirdiyi üçün bir-biri ilə ziddiyyət təşkil edən nəticələr ortaya çıxırıb. Yeni analiz isə su buxarı və buludların planetin isti daxili qatlarından daha soyuq üst səviyyələrinə doğru necə yavaş-yavaş hərəkət etdiyini izləyir. Əldə olunan nəticələr Yupiterin formalaşma dövründə “qar xətti” adlanan, buzun bol olduğu uzaq və soyuq bölgələrdən material topladığını sübut edir. Günəşin istiliyindən bu qədər uzaqda yaranması planetin quruluşuna donmuş su vasitəsilə oksigeni daha rahat şəkildə daxil etməsinə şərait yaradıb.
Bununla yanaşı, yeni simulyasiyalar Yupiterin dərin qatlarındakı qaz dövranının düşünüldüyündən xeyli daha yavaş getdiyini göstərir. Qatlar arasında keçidin saatlarla deyil, həftələrlə davam etdiyi müəyyən edilib. Bu yavaş, lakin davamlı hərəkət planetin daxilində istilik balansının, fırtınaların və kimyəvi proseslərin bir-birinə necə təsir etdiyini anlamaq üçün yeni imkanlar açır.
Alimlərin fikrincə, planetlər əslində formalaşdıqları mühitin kimyəvi “barmaq izlərini” qoruyan bir növ zaman kapsullarıdır. Yupiterin bu gizli tərkibini anlamaq yalnız öz Günəş sistemimizi deyil, eyni zamanda başqa ulduzların ətrafında yaşana bilən dünyalar axtararkən nələrə diqqət yetirməli olduğumuzu da aydın şəkildə göstərir.
Samir


