Günəş sistemimizin hüdudlarından kənarda, yüzlərlə işıq ili uzaqlıqda yerləşən sirli dünyalar artıq sadəcə parlaq nöqtələrdən ibarət deyil.
HİT.az xəbər verir ki, astronomlar “James Webb” kosmik teleskopunun təqdim etdiyi inqilabi məlumatlardan istifadə edərək Yer kürəsindən təxminən 400 işıq ili uzaqda yerləşən nəhəng bir planetin üçölçülü atmosfer xəritəsini yaratmağa nail olublar.
WASP-18b adlanan bu qaz nəhəngi 2 700 selsi dərəcəsinə çatan yandırıcı temperaturu və öz ulduzunun ətrafında dövrəsini cəmi 23 saata tamamlaması ilə seçilir. Alimlər 2023-cü ildə planetin ikiölçülü eskizini hazırlamışdılar. 2025-ci ildə isə daha bir addım irəli gedilərək ilk dəfə bir ekzoplanetin dərinliklərini və qatlarını əhatə edən 3D modelləmə həyata keçirilib.
Dünyanın müxtəlif ölkələrindən 36 tədqiqatçının iştirakı ilə aparılan bu araşdırma uzaq planetləri anlama üsulumuzda yeni mərhələ açır. “James Webb” teleskopunun infraqırmızı müşahidə imkanları bu çətin prosesdə həlledici rol oynayıb. Planet öz ulduzunun arxasından keçərkən ulduz işığında baş verən ən kiçik dəyişiklikləri izləyən tədqiqatçılar “spektroskopik tutulma xəritələmə” adlanan qabaqcıl metoddan istifadə ediblər. Bu zaman işığın hər bir rəng zolağı ayrıca təhlil edilib, məlumatlar mürəkkəb riyazi modellərlə birləşdirilərək planetin şaquli və üfüqi temperatur quruluşu formalaşdırılıb. Nəticədə WASP-18b-nin laylı atmosferi və kimyəvi tərkibi indiyədək görünməmiş dəqiqliklə ortaya qoyulub.
Yeni texnika astronomlara planetin atmosferini müxtəlif zonalara bölərək araşdırmaq imkanı verib. Təhlillər göstərib ki, WASP-18b-nin ulduzuna birbaşa baxan tərəfi xeyli daha istidir, planetin kənar hissələrində isə nisbətən sərin bir halqa mövcuddur. Tədqiqat qrupu atmosferdə temperaturun hündürlüyə görə necə dəyişdiyini və hansı bölgələrdə hansı kimyəvi maddələrin cəmləşdiyini müəyyənləşdirmək üçün atmosfer modelləşdirmə alətlərindən yararlanıb. Bu nailiyyət hazırda yalnız bir planetə aid olsa da, qalaktikamızdakı minlərlə ekzoplanetin real təbiətini anlamaq üçün standart üsula çevrilə bilər.
Hazırda təxminən 6 min ekzoplanetin kəşf edildiyi nəzərə alınsa, bu 3D xəritələmə metodunun hər birinə tətbiqi son dərəcə perspektivli görünür. Alimlər bildirirlər ki, “James Webb” teleskopu ilə aparılacaq yeni müşahidələr mövcud xəritələri daha da dəqiqləşdirəcək və kainatın dərinliklərindəki bu yad planetlərin atmosfer dəyişkənliyini tam şəkildə anlamağa imkan verəcək.
Samir


