Çənə əslində insan təkamülünün ən maraqlı anatomik sirrlərindən biri sayılır. Homo sapiens hazırda çənəyə sahib olan yeganə primatlardır. Neandertallar və denisovalılar kimi insanın qədim əcdadlarında bu struktur tamamilə mövcud olmayıb. Bir əsrdən artıq davam edən qızğın müzakirələrə baxmayaraq, antropoloqlar növümüzdə çənənin niyə inkişaf etdiyinə dair ortaq izaha gələ bilmirlər
Hit.az xəbər verir ki, bu barədə “Forbes” yazır.
İnsanlarda çənə nə vaxt yaranıb?
Homo sapiensdə alt çənənin önə doğru güclü çıxıntısı – sümük çənə müşahidə olunur. Fosil tapıntıları göstərir ki, bu xüsusiyyət təxminən 200 min il əvvəl anatomik baxımdan müasir insanlarda nisbətən qəfil şəkildə meydana çıxıb.
Bu fərqləndirici əlamət müasir insan qalıqlarının tanınmasında paleoantropologiya üçün olduqca faydalı marker olsa da, onun yaranmasına konkret olaraq nəyin səbəb olduğu hələ də aydın deyil. Hazırda üç əsas bioantropoloji nəzəriyyə mövcuddur.
Nəzəriyyə 1: insan çənəsi mexaniki möhkəmləndirmədir
İlk izahlara görə, çənə mexaniki gərginliyə funksional cavab kimi təkamül edib. Yəni alt çənə boyunca çeynəmə qüvvələrinin daha bərabər paylanmasına kömək edən bir möhkəmləndirmə formalaşıb.
Bu nəzəriyyənin məntiqi intuitiv baxımdan anlaşılandır: min illər ərzində qidalanma rasionu dəyişdikcə, alətlərin istifadəsi və ya yeməyin bişirilməsi ilə əlaqədar dişləmə qüvvəsi də dəyişə bilərdi. Bu isə çənə kimi struktur adaptasiyalarına səbəb ola bilərdi.
Lakin biomexaniki tədqiqatlar bu fikri şübhə altına alıb. Alimlər hesab edirlər ki, çənənin təkamülü yalnız çeynəmə ilə izah oluna bilməz.
Nəzəriyyə 2: insanlar çənədən sosial siqnal kimi istifadə edirlər
Digər köhnə hipotezə görə, çənə cinsi seçmə nəticəsində və ya üz estetikası və hormonal siqnalların göstəricisi kimi yaranıb. Bəzi alimlər iddia edirlər ki, ifadəli çənə inkişaf sabitliyinin və ya testosteron səviyyəsinin siqnalı ola bilər. Bu isə potensial olaraq tərəfdaş seçiminə və reproduktiv uğura təsir göstərə bilər.
Çənənin formasının kişi və qadınlarda fərqli ola biləcəyinə dair müəyyən sübutlar mövcud olsa da, bunu birbaşa təkamül seçimi ilə əlaqələndirmək daha çox fərziyyə xarakteri daşıyır. Buna baxmayaraq, bu fikir antropoloji dairələrdə müzakirə olunmağa davam edir.
Nəzəriyyə 3: çənə insan üzünün geriyə çəkilməsinin yan məhsuludur
Tədqiqatçılar arasında ən çox dəstək alan izaha görə, çənə konkret məqsəd üçün formalaşmış adaptasiya deyil, insan üzünün təkamülü prosesində yaranmış yan məhsuldur.
Bu nəzəriyyə Homo sapiensin üz quruluşunun zamanla daha erkən homininlərlə müqayisədə kiçilməsi və yastılaşması faktına əsaslanır. Xüsusilə, çənələrin və dişlərin ölçüsünün azalması bu proseslə əlaqələndirilir.
Bu yanaşmada çənə təkamül zamanı ayrıca seçilmiş bir xüsusiyyət kimi deyil, üzün digər hissələrində baş verən dəyişikliklərin nəticəsi kimi dəyərləndirilir. Alt çənə qısaldıqca və üz kəllə qutusuna doğru geriyə çəkildikcə, çənənin ən aşağı nöqtəsi digər hissələrə nisbətən önə çıxıb və bu da bu gün çənə adlandırdığımız quruluşun formalaşmasına gətirib çıxarıb.
Araşdırmalar göstərir ki, insanlarda çənə yaş artdıqca və üz forması dəyişdikcə daha qabarıq hala gəlir ki, bu da bu nəzəriyyəni dəstəkləyir.
Samir


