Uzaqdan baxıldıqda göz qamaşdıran mavi bir zümrüdü xatırladan HD 189733b planeti, əslində kainatın ən vəhşi guşələrindən biri ola bilər.
Hit.az xəbər verir ki, təxminən 64 işıq ili uzaqlıqda, Vulpecula bürcündə yerləşən bu planet, uzaqdan baxanda tanış və sakit bir Yer kimi görünür. Lakin bu görüntü tam bir aldatmadır və planetin atmosferi səs sürətinin yeddi qatına çatan fırtınalar və yanlayaraq yağan ərimiş şüşələrlə dolu tam bir cəhənnəmi xatırladır.
İlk dəfə 2005-ci ildə kəşf edilən bu göy cismi, ulduzuna çox yaxın mövqedə yerləşdiyi üçün davamlı radiasiya bombardmanına məruz qalır və bu da atmosferini böyük bir sobaya çevirir.
Təəssüf ki, bizim planetimizdən fərqli olaraq, HD 189733b-yə məşhur mavi rəngini verən şey okeanlar deyil. NASA-nın araşdırmaları göstərir ki, bu rəng silikat zəngin buludların işığı əks etdirməsi nəticəsində yaranır. Planetin gündüz tərəfində temperatur 1000 dərəcədən yuxarıdır. Ulduzuna bu qədər yaxın dövr etdiyindən, gecə və gündüz tərəfləri arasındakı kəskin temperatur fərqi, Günəş sistemimizdə görünməyən ölçüdə enerji partlayışına səbəb olur. Bu nəhəng disbalans, planetin hər yerini əhatə edən və saatda 8 min kilometrə çatan qorxunc küləklərin yaranmasına gətirib çıxarır.
HD 189733b-nin ən qorxunc tərəfi isə daim dəyişən hava şəraitidir. Planetdə yağan yağış bildiyimiz su damcılarından ibarət deyil, göydən demək olar ki, kəskin şüşə parçaları yağır. Atmosferdə yığılmış silikat hissəcikləri sürətli küləklərlə birləşərək şüşə parçalarını vertikal deyil, səthə paralel şəkildə atır. Saatda minlərlə kilometr sürətlə uçan bu şüşə parçaları qarşısına çıxan hər şeyi saniyələr içində parçalaya bilir.
Bu ekstremal şərait HD 189733b-ni Günəş sistemimizin xaricindəki ən yaşanmaz və təhlükəli planetlərdən biri edir. İsti, sürətli və kəskin materialların birləşdiyi bu kosmik xaos, kainatın nə qədər qəribə və ölümcül yerlər ehtiva edə biləcəyini bir daha göstərir. Planetin cəlbedici mavi rəngi isə əslində hər şeyi məhv etməyə hazır nəhəng fırtınanın sadəcə parıltısıdır.
Samir


