Qızıl planet Marsın bu günkü tozlu və quraq mənzərəsi əslində milyardlarla il əvvəl mövcud olmuş nəhəng bir su dünyasının izlərini gizlədir. Elmi ictimaiyyətdə uzun müddətdir müzakirə edilən “Marsda okean olubmu?” sualına İsveçrənin Bern Universitetinin tədqiqatçıları diqqətçəkən cavab təqdim edib.
HİT.az xəbər verir ki, 2026-cı il yanvarın 7-də dərc olunmuş yeni araşdırma göstərir ki, Mars bir vaxtlar şimal yarımkürəsini tamamilə örtən ucsuz-bucaqsız okeana ev sahibliyi edib. Bu isə planetin keçmişinin əslində “mavi” olduğunu ortaya qoyur.
Tədqiqat qrupu Mars orbitində fəaliyyət göstərən müxtəlif kosmik aparatların göndərdiyi yüksək ayırdetməli görüntüləri təhlil edərək Yer üzərindəki Böyük Kanyondan beş dəfə uzun olan nəhəng “Valles Marineris” vadi sisteminə fokuslanıb. Alimlər bu möhtəşəm kanyonun kənarlarında Yer üzərindəki çay deltalarına demək olar ki, tam uyğun gələn quruluşlar aşkarlayıb. Bu deltalar çayın durğun su hövzəsinə, yəni okeana töküldüyü nöqtədə yığılan qum və çöküntü laylarını təmsil edir. Tapıntı Marsın keçmişində aydın sahil xəttinin mövcudluğuna dair ən konkret sübutlardan biri hesab olunur.
Araşdırmanın aparıcı müəllifi İqnatius Arqadestya bildirir ki, peyk görüntülərini xəritələndirərkən Yer üzərindəki dağlıq ərazilərə bənzər vadilərlə qarşılaşıb, lakin dağ yamaclarının kənarlarında yerləşən deltalar onu xüsusilə təəccübləndirib. Komanda bu çöküntü yığınlarının hamısının dəniz səviyyəsindən təxminən 3 min 700 metr yüksəklikdə, bir-birinə çox yaxın xətt boyunca düzülmüş olduğunu müəyyən edib. Bütün deltaların eyni hündürlükdə yerləşməsi isə təsadüfdən daha çox, qədim okeanın sahil sərhədlərini göstərir.
Hesablamalara görə, bu strukturlar təxminən 3,37 milyard il əvvəl formalaşıb və sözügedən okean ən azı indiki Şimal Buzlu okeanı qədər geniş olub. Əvvəlki tədqiqatlar bu ölçüdə su hövzəsinin mövcudluğunu dolayı yollarla irəli sürsə də, Bern Universitetinin alimləri yüksək ayırdetməli görüntüləmə texnologiyaları sayəsində bu iddianı birbaşa vizual sübutlarla əsaslandırıb. Marsın şimal düzənliklərini dolduran bu qədim sular planetin təkcə yaşana bilən keçmişə sahib olduğunu deyil, eyni zamanda mürəkkəb iqlim dövrlərindən keçdiyini də sübut edir.
Samir

