Təxminən 2 min il əvvəl hazırlanmış gizli gil kub üzərində aparılan yeni tədqiqat “antik batarya” müzakirəsini yenidən alovlandırıb. Bağdad batareyası adlanan bu tapıntı üzərində aparılan təcrübələr elektrik istehsalının mümkün olduğunu göstərsə də, elmi dünya hələ də ehtiyatlı mövqe tutur.
Hit.az xəbər verir ki, Bağdadın ətrafında tapılmış və arxeologiya dünyasını onilliklərdir maraqlandıran “Bağdad batareyası” haqqında aparılan yeni araşdırma, bu gizli gil kubun həqiqətən də bir batareya kimi işləyə biləcəyini yenidən gündəmə gətirib. Lakin elmi ictimaiyyət bu quruluşun batareya kimi istifadə edildiyinə dair konkret sübutların çatışmaması səbəbindən hələ də ehtiyatlıdır.
1938-ci ildə alman arxeoloq Vilhelm König tərəfindən kəşf edilən bu antik əsər, içindəki mis silindr və onun içərisinə yerləşdirilmiş dəmir çubuqla diqqət çəkmişdi. Königin “antik batareya” iddiası, müasir batareyaların kəşfindən 18 əsr öncəyə işarə etdiyinə görə böyük müzakirələrə səbəb olmuşdu.
İllər ərzində aparılan bir çox təcrübələr göstərib ki, kubun içərisinə üzüm suyu və ya limon kimi turşu məhlulu qoyulduqda elektrik istehsal etmək mümkündür. Populyar elm proqramları və mühəndislər bu küplərin ardıcıl birləşdirildikdə 4,5 voltadək enerji verə bildiyini nümayiş etdiriblər. Alexander Bazes tərəfindən aparılan son araşdırma isə mövzunu bir addım irəli aparıb.
Bazes hesab edir ki, əvvəlki tədqiqatlar kubun dizaynındakı lehim istifadəni və keramika strukturunun funksiyasını nəzərə almayıb. Onun fikrincə, bu qurğu əslində bir-birinə daxil olan iki fərqli hüceyrədən ibarətdir və tək başına 1,4 voltdan artıq enerji istehsal edə bilir. Bu enerji miqdarı, suyun elektrolizi və ya metalların örtülməsi kimi kimyəvi reaksiyaları başlatmaq üçün kifayətdir.
Texnologiya, yoxsa dini inanc vasitəsi?
Əgər bu küplər həqiqətən pil kimi istifadə edilibsə, qədim insanların bu enerjidən nə üçün istifadə etdiyi böyük maraq doğurur. Bəzi mütəxəssislər metal örtükləmə və ya müalicə məqsədini irəli sürsə də, "British Museum"dan metallurgiya mütəxəssisi Paul Kraddok daha maraqlı bir nəzəriyyə irəli sürür. Onun fikrincə, bu qurğular məbədlərdə inananları təsirləndirmək üçün “möcüzə” vasitəsi kimi istifadə olunmuş ola bilər. Tanrı heykəlinə bağlı olan bu piller, heykələ toxunan şəxsi yüngül elektrik cərəyanı və kiçik mavi alovcuqlarla təsirləndirərək kahinin gücünü və dinin nüfuzunu göstərmək üçün istifadə edilmiş ola bilər.
Lakin bütün bu uğurlu təcrübələr, 2 min il əvvəl bu texnologiyanın məlum olduğunu göstərmir. Alimlər vurğulayırlar ki, bir şeyin “mümkün olması” o dövrdə “həqiqətən tətbiq edildiyi” anlamına gəlmir. Regionda bu tip başqa heç bir tapıntıya rast gəlməmək və qədim dövrdən qalmış elektrolizlə örtülmüş əsərlərin olmaması batarya nəzəriyyəsini zəiflədir. Arxeoloqların əksəriyyəti hesab edir ki, bu kub sadəcə müqəddəs yazmaları və ya üzvi materialları qorumaq üçün hazırlanmış sadə bir saxlama qabı olub.
Təəssüf ki, orijinal kubun 2003-cü ildə İraq işğalı zamanı talan edilməsi, üzərində daha dərindən araşdırma aparmağı artıq mümkün etməyib.
Samir


