Onilliklər boyunca insanlar üz tanımanın yalnız böyük və mürəkkəb beyin tələb edən bir bacarıq olduğunu düşünürdülər. Lakin heyvan aləmində istisnalar da mövcuddur.
HİT.az xəbər verir ki, Rutqers Universitetindən təkamül biologu Skott Trevers "Forbes" üçün yazdığı məqalədə kiçik bir tropik balıq növündən danışır. Bu balıq insan üzü tanıyır və hətta xatırlaya bilir. Danışılan balıqlar isə “su püskürdənlər” ailəsinə aiddir.
Balığın heyrətamiz görmə qabiliyyəti və yaddaşı
Trevers xatırladır ki, su püskürdənlər tropik şirin su balıqlarıdır və Cənub-Şərqi Asiya və Şimal Avstraliyadakı manqrov çölü və yavaş axan çayların kənarlarında yaşayırlar. Bu balıqların xüsusiyyəti odur ki, səthdə oturan həşəratları hədəf alıb su ilə püskürdə bilirlər.
2016-cı ildə "Scientific Reports" jurnalında dərc olunan tədqiqatda Oxford Universiteti və Kvinslend Universitetinin alimləri su püskürdənlərin mürəkkəb vizual şəkilləri, məsələn, insan üzlərini ayırd edə bilmə qabiliyyətini yoxlamaq istədilər. Adətən bu bacarıq böyük və ixtisaslaşmış beyin hissəsi – yalnız primatlar və bəzi quşlarda olan neokorteks tələb edir.
Trevers qeyd edir ki, su püskürdənlərin neokorteksi yoxdur, amma onlar tədqiqat sınaqlarını uğurla keçiblər. Alimlər balıqlara kompüter ekranında insan üzləri göstəriblər. Hər balıq müəyyən üzü hədəf alıb su püskürtməyi öyrənib və bunun qarşılığında yem mükafatı alıb.
Təcrübələrdə balıqlar 44 naməlum alternativ üz arasında düzgün üzü təxminən 81% dəqiqliklə seçiblər. İkinci sınaqda, üzlərin rəngi və baş forması nəzərə alınmayanda isə dəqiqlik təxminən 86%-a yüksəlib.
Balıqlar üzləri necə xatırlayır?
Trevers bildirir ki, balığı fotoşəkilə püskürtməyə öyrətmək sadə bir əyləncə kimi görünə bilər, amma elmi baxımdan çətin bir vəzifədir. Tam neokorteksə malik olmamalarına baxmayaraq, su püskürdənlər mürəkkəb tapşırığı yerinə yetirə biliblər.
Bioloq əlavə edir ki, su püskürdənlər dünyanı insanlar kimi görmür. Onların görmə sistemi üçölçülü su mühitinə uyğunlaşmışdır və dərinliyi qavramaq, hədəfə sürətlə yönəlmək və hərəkəti izləmək həyati bacarıqlardır.
Bu səbəbdən digər canlıların incə fərqlərini – məsələn, insan üzlərinin fərqlərini tanımaq su püskürdənlər üçün digər səthdə yaşayan heyvanlardan daha asan ola bilər.
Hansı balıq bir neçə ay oksigensiz yaşaya bilər?
Əvvəllər Skott Trevers qızıl karas (Carassius carassius) haqqında məlumat vermişdi. O, bildirir ki, bu balıq bir neçə ay oksigensiz yaşaya bilir.
Qızıl karas Şimali Avropa və Asiyadakı göllər və hovuzlarda yaşayır və bir çoxu qış aylarında donur. Qışın ortalarına qədər bu sular tamamilə oksigensiz olur.
Bir çox balıq qış ərzində Şimali Avropa və Asiyadakı gölləri tərk edir, əks halda boğularaq ölür. Lakin qızıl karas həmin mühitdə qalır.
Samir


