Spinozavr alimlərə məlum olan ən qeyri-adi dinozavrlardan biri hesab olunur. Onun uzun kəlləsi və timsaha bənzər dişləri var, lakin bu xüsusiyyətlər bu növün ən qəribə cəhətləri deyil.
HİT.az xəbər verir ki, Rutqers Universitetinin təkamül bioloqu Skott Travers “Forbes” üçün yazdığı köşə məqaləsində spinozavrla bağlı maraqlı faktları bölüşüb. Onun sözlərinə görə, bu növ teropodların həyat tərzi ilə bağlı paleontoloqların mümkün saydığı bir çox təsəvvürləri artıq dəyişib.
Bioloq qeyd edib ki, spinozavrın belində nəhəng “yelkən” olub. Bu quruluş onurğa fəqərələrinin uzantılarından ibarət idi və hündürlüyü təxminən 1,8 metrə çata bilirdi.
Onilliklər boyu paleontoloqlar spinozavrın niyə bu qədər böyük bel “yelkəni” inkişaf etdirdiyini müzakirə ediblər. Biomexaniki tədqiqatlar isə bu quruluşun funksiyası barədə alimlərə daha aydın təsəvvür formalaşdırmağa imkan verib.
Travers bildirib ki, spinozavr orta təbaşir dövründə, təxminən 112–93 milyon il əvvəl, indiki Şimali Afrikanın ərazisində yaşayıb. Paleontoloqlar onun uzunluğunun 15–18 metrə çata biləcəyini ehtimal edirlər.
Spinozavrın ən səciyyəvi xüsusiyyəti belindəki nəhəng “yelkən” idi. Alimlərin fikrincə, fəqərələrdən çıxan hündür sümük çıxıntıları çox güman ki, dəri və ehtimalən yumşaq toxumalarla birləşmişdi. Vizual olaraq bu, spinozavrın belinin böyük hissəsi boyunca uzanan, yelpik formalı hündür bir “yelkən” kimi görünürdü.
2016-cı ildə aparılmış tədqiqatlardan birində qeyd olunurdu ki, spinozavrın “yelkən”ini formalaşdıran fəqərələr böyük ehtimalla sıx şəkildə sümükləşmiş və qan damarları üçün çox az kanala malik olub. Bu isə həmin quruluşun canlı radiator və ya istilik tənzimləyicisi kimi istifadə edilməsi nəzəriyyəsini istisna edir.
Bioloqun sözlərinə görə, hazırda “yelkən”in ən real izahı onun nümayiş məqsədli struktur və ya digər dinozavrlar üçün vizual siqnal funksiyası daşımasıdır. O xatırladıb ki, bu cür nümayiş anatomiyası bu gün də heyvanlar aləmində geniş yayılıb.
2014-cü ildə alimlər apardıqları araşdırmada spinozavrın tirannozavr və ya karxarodontozavr kimi sırf quruda yaşayan yırtıcı olmadığını irəli sürüblər. Tədqiqatçılar hesab edirlər ki, spinozavr yarımsu həyat tərzi sürüb.
Bu kəşf alimləri “yelkən”in hidrodinamik rol oynaya biləcəyi fikrinə gətirib çıxarıb. Quruluş balıq üzgəcinə bənzəməsə də, spinozavrın suda hərəkəti zamanı sabitliyini artırmış ola bilər.
Bioloq vurğulayıb ki, bəzi alimlər bu nəzəriyyəni tamamilə rədd edirlər. Məsələn, 2022-ci ildə aparılan tədqiqatda biomexaniki modellərdən istifadə olunaraq spinozavrın əslində balinalar və ya dəniz sürünənləri qədər güclü üzgüçü olmaya biləcəyi irəli sürülüb. Onların fikrincə, spinozavrın “yelkən”i tam suya daldıqda əksinə, əlavə müqavimət yarada bilərdi.
Samir


