Darvinin heyvan kolleksiyasını "möhürlədiyi" məhlulun resepti açıldı

MARAQLI
21:18 / 09.02.2026
39

1831–1836-cı illər arasında məşhur təbiətşünas Çarlz Darvin heyvanlar aləminə aid nümunələrdən ibarət geniş bir kolleksiya toplayıb. Bu nümunələrin bir çoxu bu günə qədər bütöv halda qorunub saxlanılıb.

Hit.az xəbər verir ki, “IFL Science” nəşrinin qeyd etdiyi kimi, buna səbəb Darvinin nümunələri saxlamaq üçün istifadə etdiyi gizli resept ola bilər. İndiyədək onların hansı mayedə saxlandığını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı.

Məsələ ondadır ki, Darvinin təxminən 200 il əvvəl möhürlədiyi bankanı sadəcə açmaq olmaz. Bu, nümunənin itirilməsi, naməlum maddələrin buxarlanması və ətraf mühitin çirklənməsi riski yaradır. Halbuki nümunənin hansı mayedə saxlandığını bilmək onun zamanla vəziyyətini izləmək üçün son dərəcə vacibdir.

Bu sirri təhlükəsiz şəkildə araşdırmaq üçün London Təbiət Tarixi Muzeyinin alimləri yeni bir yanaşma tətbiq ediblər. “ACS Omega” jurnalında dərc olunan tədqiqatda onlar 46 nümunənin portativ lazer spektroskopiyası üsulu – məkan üzrə yerdəyişmiş Raman spektroskopiyası (SORS) ilə öyrənilməsindən bəhs ediblər.

Bu texnika lazer vasitəsilə şüşənin içindən “baxmağa” və mayenin kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verir. Lazer işığı geri əks olunarkən dalğa uzunluğundakı dəyişikliklər tədqiqatçılara mayedəki kimyəvi komponentlər barədə ipucları verir.

Araşdırma göstərib ki, Darvin dövründə məməlilər və sürünənlər adətən əvvəlcə formalində sabitlənir, daha sonra isə çürümənin qarşısını alan məşhur spirt – etanolda saxlanılırdı. Onurğasızların saxlanma üsulları isə daha müxtəlif olub: formalin, bufer məhlulları və tərkibində qliserin olan qarışıqlardan istifadə edilib.

Nümunələrin tədqiqi üçün bu yeni yanaşma kifayət qədər etibarlı çıxıb və halların 80 faizində məhlulların kimyəvi tərkibini düzgün müəyyən edib. Hətta nümunənin saxlandığı qabın hansı şüşə və ya plastikdən hazırlandığını da aşkar edə bilir. Bu, muzey kolleksiyaları üçün son dərəcə vacib addımdır, çünki artıq bankaların bütövlüyünü pozmadan analiz aparmaq mümkündür.

Qiymətli nümunələrin saxlanma şəraitinin təhlili və onların hansı mayedə qorunduğunun anlaşılması, muzeylərin kolleksiyaları gələcək tədqiqatlar üçün uzun illər ərzində necə qoruyub saxlaması baxımından böyük əhəmiyyət daşıyır.

Darvin nəzəriyyəsinin təsdiqi

Xatırladaq ki, quşların qədim əcdadı olan arxeopteriksin fosillərinin tədqiqi əvvəllər məlum olmayan xüsusiyyətləri üzə çıxarıb. Bu tapıntı sürünənlərə və quşlara xas əlamətləri bir arada göstərərək Çarlz Darvinin təkamül ideyalarını təsdiqləyib və quşların dinozavrlardan törədiyini nümayiş etdirib.

Samir

0