Qaranlıq maddə həqiqətən mövcuddurmu, yoxsa yanılırıq?

MARAQLI
20:17 / 12.02.2026
42

Kainatın ən böyük sirlərindən biri olan qaranlıq maddə illərdir müasir fizikanın cavab tapa bilmədiyi bir mövzu olaraq qalır. Lakin Hindistan Texnologiya İnstitutundan fizik Naman Kumarın apardığı yeni tədqiqat bu sirli maddənin əslində mövcud olmaya biləcəyini irəli sürür.

HİT.az-ın məlumatına görə, Kumar hesab edir ki, kainatın iş prinsiplərini anlamaq üçün görünməz hissəciklər axtarmaqdansa, bəlkə də cazibə qanunlarımızı yenidən gözdən keçirməliyik. Lakin qaranlıq maddəni hesabdan çıxarmaq üçün, cazibənin çox böyük ölçülərdə bizim bildiyimizdən fərqli davrandığını qəbul etmək lazımdır.

Hazırkı hipotezlərə görə, qaranlıq maddə adi maddədən beş dəfə çox olsa da, işıq və ya elektromaqnit şüaları ilə heç bir qarşılıqlı təsirə girmədiyi üçün indiyədək birbaşa müşahidə edilməyib. Onilliklərdir alimlər atomları təşkil edən hissəciklərdən fərqli, sirli bir maddə növü axtarır. Kumar isə bu axtarışın boşuna ola biləcəyini vurğulayır. O, kosmoloji modellərin təməlini sarsıdan bu işində, qalaktik məsafələrdə müşahidə olunan cazibə təsirlərinin yeni bir hissəcikdən deyil, cazibənin öz təbiətindəki dəyişiklikdən qaynaqlandığını irəli sürür.

Qaranlıq maddənin varlığını dəstəkləyən əsas sübutlardan biri, qalaktikaların öz ətrafında fırlanma sürətidir. Müşahidə olunan ulduzların və qazın kütləsi qalaktikaları bir arada saxlamağa yetmir və mövcud fizika qanunlarına görə bu qalaktikalar artıq dağılmalı idi. Bu nöqtədə alimlər görünməz, amma nəhəng cazibə tətbiq edən qaranlıq maddənin galaksiləri bir arada saxladığını güman edirlər.

Lakin Kumar kvant sahə nəzəriyyəsi üzərindən apardığı hesablamalarda göstərir ki, qalaktik məsafələrdə cazibənin gücü gözlənilməz şəkildə dəyişir. Fizikada cazibə “tərs kvadrat qanunu”na əsaslanır: yəni çəkim gücü cisimdən uzaqlaşdıqca məsafənin kvadratına tərs proporsional olaraq zəifləyir. Kumarın modeli isə göstərir ki, çox böyük məsafələrdə cazibə bu qaydadan sapır və daha güclü təsir yaradır. Bu da qalaktikaların niyə bu qədər sürətlə dağılmadan döndüyünü, araya “xəyali” maddə əlavə etmədən izah etməyə imkan verir.

Bu model həmçinin kainatın ilk dövrlərindəki dəqiq ölçmələrlə ziddiyyət təşkil etmir, çünki cazibədəki dəyişikliklər zamanla və ölçü ilə birlikdə yavaş-yavaş artır.

Kumar bildirir ki, tədqiqatı qaranlıq maddəni tamamilə rədd etmir, amma cazibənin dərinlərindəki mürəkkəbliyi anlamaq üçün yeni bir yol açır. Növbəti addım bu nəzəriyyənin qalaktika qrupları və cazibə linzalanması kimi digər fenomenlərlə nə dərəcədə uyğun olduğunu yoxlamaq olacaq. Bəlkə də gələcəkdə kainatın təxminən 85%-ni təşkil etdiyi güman edilən bu sirli maddə, yalnız cazibə qanunlarındakı kiçik bir düzəlişlə tarixin tozlu rəflərinə göndəriləcək.

Samir

0