Bir çox heyvan üçün yuxu həssas və riskli vəziyyətdir. Lakin elə quşlar var ki, onlar birbaşa uçuş zamanı yata bilirlər.
HİT.az xəbər verir ki, Rutqers Universitetinin təkamül biologiyası üzrə mütəxəssisi Skott Trevers "Forbes" üçün yazdığı köşə məqaləsində fregatlar haqqında danışıb. Bu quşlar nə quruya, nə də suya enmədən nəhəng məsafələri qət edə bilirlər.
Bioloqun sözlərinə görə, alimlər uzun illərdir fregatların bir həftədən artıq davam edə bilən uçuşlar zamanı necə yorulmadıqlarını anlamağa çalışıblar. Cavab onların beyin fəaliyyətinin öyrənilməsi nəticəsində əldə olunub.
Fregatların növləri
Trevers qeyd edib ki, fregatlar ayrıca bir quş cinsidir və dünyanın bütün tropik və subtropik okeanlarında yaşayırlar.
Ümumilikdə beş növ fregat mövcuddur:
- Böyük fregat ("Fregata minor");
- Möhtəşəm fregat ("Fregata magnificens");
- Asensyon fregatı ("Fregata aquila");
- Milad fregatı ("Fregata andrewsi");
- Ariel fregatı ("Fregata ariel").
Fregatlar necə görünür?
Bioloq bildirib ki, erkək fregatları cütləşmə mövsümündə şişirdikləri parlaq qırmızı boğaz kisəsinə görə dərhal tanımaq mümkündür. Bu quşların qanad açıqlığı 2,3 metrə çata bilir və bədən quruluşu uzunmüddətli uçuş üçün uyğunlaşıb.
Maraqlıdır ki, əksər dəniz quşlarından fərqli olaraq, fregatlar suya enə bilmirlər. Onların lələkləri kifayət qədər suya davamlı deyil, ayaqları isə üzmək və su səthindən havaya qalxmaq üçün uyğunlaşmayıb.
Fregatlar necə yatır?
Treversin sözlərinə görə, tədqiqatlar göstərib ki, fregatlar fasiləsiz olaraq on günədək havada qala və minlərlə kilometr məsafə qət edə bilirlər. Bu müddətdə onlar qidalanmaq, istiqamətlənmək və yırtıcılardan yayınmaq üçün kifayət qədər enerjini qoruyub saxlayırlar.
Bioloq vurğulayıb ki, heyvanların böyük əksəriyyəti üçün yuxu zəruridir. Yuxusuz qaldıqda onlar diqqəti itirir, tez yorulur və yırtıcılar üçün asan hədəfə çevrilirlər.
2016-cı ildə "Nature Communications" jurnalında dərc olunan araşdırma fregatların necə yatdığını açıqlayıb. Neyrobioloqlar vəhşi fregatlara yüngül elektroensefaloqram (EEQ) qeydiyyatçıları quraşdırıblar. Bu cihazlar quşların beyin fəaliyyətini, eləcə də baş və qanad hərəkətlərini ölçməyə imkan verib.
Nəticələr göstərib ki, fregatlar uçuş zamanı həqiqi yuxu vəziyyətinə keçir və bu yuxu ləng dalğalı fazanı da əhatə edir.
Trevers bildirib ki, quşlar uçuş zamanı assimetrik şəkildə yatırlar. Yəni fregatın beyninin yalnız bir yarımkürəsi ləng dalğalı yuxu mərhələsinə keçir, digər yarımkürə isə oyaq qalır. Bioloqun izahına görə, məhz bu biryarımkürəli ləng dalğalı yuxu fregatlara həm əsas motor nəzarəti və ətraf mühitə diqqəti saxlamağa, həm də yuxunun bərpaedici təsirindən faydalanmağa imkan verir.
Samir


