Postsovet məkanında, o cümlədən Azərbaycan, Ukrayna, Belarus və Rusiyada içki barədə danışarkən istifadə olunan – boğaza çırtma vurmaq jesti geniş yayılıb.
HİT.az xəbər verir ki, UNIAN bu jestin niyə məhz boyun nahiyəsini göstərməklə ifadə olunduğunu araşdırıb. Bununla bağlı XVIII əsrin əvvəllərində Moskva çarlığında baş verdiyi iddia olunan hadisələrlə əlaqələndirilən məşhur bir əfsanə var.
Boğaza çırtma vurmaq jesti nə deməkdir və haradan yaranıb
Xalq rəvayətinə görə, Sankt-Peterburqda naməlum bir rus ustası qərbli memara Pyotr və Pavel kilsəsinin şpilinin tikintisi ilə bağlı problemi həll etməyə kömək edib.
Əfsanəyə əsasən, memar hündürlüyü 40 metr olan və üzərində üç metrlik mələk heykəli yerləşdirilməli olan şpili layihəyə uyğun şəkildə inşa edə bilmirmiş və bu problem barədə çar I Pyotra məlumat verilib.
Rəvayətdə bildirilir ki, şpilin tikintisini başa çatdırmaq naməlum ustanın məsləhəti sayəsində mümkün olub və məhz onun sonrakı davranışı “içmək” jestinin yaranmasına səbəb verib.
Deyilənə görə, çar problemi həll etdiyi üçün ustaya bir kisə pul vermək istəyib. Lakin usta bundan imtina edərək olduqca qəribə bir xahiş irəli sürüb: ömrünün sonunadək çarlığın bütün meyxanalarında ona istənilən miqdarda spirtli içkinin pulsuz verilməsini istəyib.
Guya I Pyotr bu istəyi qəbul edib və fərman yazmaq istəyib. Ancaq usta sənədi itirə biləcəyini deyərək, bir versiyaya görə, çar möhürünün birbaşa onun boynuna vurulmasını xahiş edib.
Sonradan usta meyxanalara gedərək boynundakı çar möhürünü göstərir və bununla da pulsuz, məhdudiyyətsiz içki hüququnu sübut edirmiş. Əfsanəyə görə, boğaza çırtma vurmaq jesti məhz buradan qaynaqlanır.
Rəvayətin başqa bir variantına əsasən isə ustanın boynuna çar möhürü formasında damğa vurulub və o, meyxanalarda həmin nişanı göstərib.
Boğaza çırtma vurmaq nə deməkdir? - Başqa versiya
Bu jestin yaranmasına dair daha sadə izah da mövcuddur. Ehtimal olunur ki, boyuna vurulan çırtmanın çıxardığı səs spirtli içki şüşələrinin açılması zamanı yaranan səslə assosiasiya edilib. Bu səbəbdən jest zamanla kök salaraq məclisə “dəvət” işarəsinə çevrilib.
Samir


