2024-cü ildə “National Geographic Pristine Seas” tədqiqatçıları Solomon adalarında dünyanın ən böyük mərcan koloniyalarından birini aşkar ediblər. Onun ölçüləri o qədər böyük olub ki, komanda əvvəlcə bunun batmış gəmi olduğunu düşünüb.
HİT.az xəbər verir ki, bu barədə “BBC Wildlife Magazine” yazır.
Qeyd olunur ki, iki il əvvəl tədqiqatçılar nəhəng Pavona clavus mərcanını aşkar ediblər. Onlar növbəti səhər Solomon adalarını tərk etməyi planlaşdırırdılar, lakin mərcanı yenidən ölçmək üçün suya bir daha enməyə qərar veriblər.
“Cədvəlimizi dəyişdik və bu nəhəng mərcanı sənədləşdirmək üçün təxminən 12 nəfərlik elmi komanda topladıq. Mərcan riflərini araşdırdığım 30 ildən artıq müddətdə bu qədər iri və təsirli bir şey görməmişəm. Bu, həqiqətən heyrətamizdir”, deyə mərcan üzrə aparıcı mütəxəssis və “Pristine Seas” ekspedisiyasının üzvü Erik Braun bildirib.
Araşdırmalar nəticəsində məlum olub ki, mərcanın eni 34 metr, uzunluğu 32 metr, hündürlüyü isə 5,5 metrdir. Bu, dünyadakı ən böyük tək mərcan koloniyalarından biridir. Mütəxəssislərin hesablamalarına görə, koloniyanın yaşı təxminən 300 ildir.
“Belə əhəmiyyətli bir kəşf etmək hər bir alim və tədqiqatçı üçün ən böyük arzudur”, deyə ekspedisiyanın rəhbəri Pol Rouz bildirib.
Nəşr xatırladır ki, mərcan polipləri meduzalara qohum olan çox kiçik heyvanlardır. Mərcan sürfələri dənizin dibinə yerləşir və poliplərə çevrilir. Onlar çoxalaraq genetik cəhətdən eyni olan yeni poliplər yaradır. Minlərlə belə polip birlikdə tək bir orqanizm kimi fəaliyyət göstərən böyük bir koloniya yarada bilər.
Samir


