Dinozavrların arasında ov: Çində əvvəllər məlum olmayan əqrəbin fosili tapıldı

MARAQLI
22:19 / 12.03.2026
48

Paleontoloqlar Çinin məşhur “İsian” geoloji formasiyasında yeni əqrəb növünün fosilini aşkar ediblər. “Jeholia longchengi” adlandırılan bu növ Mezozoy erasına aid Çində tapılmış ilk əqrəb fosili hesab olunur və onun yaşı təxminən 125 milyon il olaraq qiymətləndirilir. 

HİT.az xəbər verir ki, bu barədə “Daily Galaxy” nəşri yazır.

“Erkən quşların, dinozavrların və digər qədim canlıların yaxşı qorunmuş fosilləri ilə artıq məşhur olan "İsian" formasiyası bu nadir tapıntı sayəsində daha da maraqlı olub. Bu qədim ovçu Təbaşir dövründəki həyatın daha ətraflı mənzərəsini qurmağa kömək edir və həmin canlıların o dövrün qida zəncirlərində necə yer tutduğunu göstərir”, deyə materialda bildirilir.

Çin üçün ilk tapıntı

Fosil Daxili Monqolustan bölgəsində yerləşən Çifen şəhərinin Heyşanqou kəndində aşkar edilib. Bu ərazi zəngin fosil kolleksiyası ilə tanınır.

Nəşrin məlumatına görə, həmin dövrə aid əqrəblərin əksəriyyəti adətən kəhrəbada qorunmuş vəziyyətdə tapılır. Lakin bu nümunə lil süxurlarında saxlanılıb ki, bu da əqrəblərin həyat tərzi barədə fərqli təsəvvür yaradır.

Tədqiqatçıların sözlərinə görə, bu əqrəbin uzunluğu təxminən 10 santimetr olub və bu da onu həmin dövrdə yaşayan bir çox digər səkkizayaqlı ovçulardan daha iri edirdi.

Qədim əqrəblər nə ilə qidalanırdı?

Alimlərin fikrincə, bu əqrəb müxtəlif həşəratları ovlayır, bəlkə də qurbağalar və kərtənkələlər kimi kiçik onurğalılarla da qidalanırdı.

Eyni zamanda hesab olunur ki, zəhərli iynəyə malik bu canlı mürəkkəb qida şəbəkəsinin bir hissəsi olub. O, yaşadığı mühitdə bir çox növlə qarşılıqlı əlaqədə idi və ehtimal ki, erkən məməlilər, quşlar və hətta dinozavrlarla eyni ekosistemdə mövcud olub.

Fosil göstərir ki, “Jeholia longchengi” kimi zəhərli yırtıcılar həşərat populyasiyalarını tənzimləməkdə mühüm rol oynaya və eyni zamanda daha iri heyvanlar üçün ov ola bilirdilər.

“Tədqiqatlar göstərir ki, Jehol biotasının qida zəncirində iri əqrəblər müxtəlif qruplar arasında ən yüksək mərkəzi mövqelərdən birini tutur. Bu isə tapılan fosilin erkən quru ekosistemində digər növlərlə geniş ekoloji qarşılıqlı əlaqələrə malik ola biləcəyini göstərir”, deyə tədqiqat qrupu vurğulayıb.

Alimlər bildirirlər ki, “Jeholia longchengi” sayəsində paleontoloqlar indi həmin dövrün digər məşhur növləri ilə birlikdə əqrəblərin qədim ekosistemlərdəki rolunu daha dərindən öyrənə biləcəklər.

Samir
 

0