Alimlər Cənubi Amerikanın tropik meşələrinin ağac taclarında qeyri-adi termit növü aşkar ediblər. Bu həşəratın baş quruluşu balinanın başını xatırladır.
HİT.az xəbər verir ki, bu barədə “SciTechDaily” yazır.
Məlumata görə, aşkar edilən yeni növ Cryptotermes cinsinə əlavə edilib. Alimlər ona Herman Melvilin məşhur “Mobi Dik, yaxud Ağ balina” romanındakı kaşalotun şərəfinə Cryptotermes mobydicki adı veriblər. Tədqiqatçılar bildiriblər ki, bu termit uzunsov başı və gizli yerləşən çənələri ilə seçilir.
Florida Universitetinin Qida və Kənd Təsərrüfatı Elmləri İnstitutunun entomologiya professoru Rudolf Şeffran bildirib: “Bu termit indiyədək gördüyümüz heç bir həşərata bənzəmir”.
Onun sözlərinə görə, aşkar edilən termit o qədər qeyri-adi olub ki, alimlər əvvəlcə tamamilə yeni bir cins kəşf etdiklərini düşünüblər. Professor izah edib ki, yandan baxdıqda termitin alın çıxıntısı və uzunsov başı kaşalot balinasının başını xatırladır. Hər iki orqanizmdə çənələr başın altında gizlənmiş vəziyyətdədir. Balinanın gözü ilə termitin anten yuvası da bir-birinə oxşar mövqedə yerləşir.
“Kaşalota bənzərliyi gördükdən sonra həmkarlarım belə bir adın həm uyğun, həm də maraqlı olacağına qərar verdilər. Bu, "xəyal orkideyası" və ya ‘Dambo ahtapotu’ kimi qeyri-adi adlandırma nümunələrinə bənzəyir”, deyə Şeffran əlavə edib.
Nəşr qeyd edir ki, bu kəşf Cənubi Amerikada Cryptotermes cinsinə aid termitlərin siyahısına 16-cı növü əlavə edib. Genetik analiz göstərir ki, Cryptotermes mobydicki Kolumbiya, Trinidad və Dominikan Respublikasında yaşayan digər neotropik növlərlə yaxın qohumdur.
Samir


