Kərə yağını mətbəx masasının üzərində saxlamaq olarmı? Bu mövzu uzun müddətdir müzakirə olunur. Həmçinin yağın öz qablaşdırmasında saxlanmalı olub-olmaması və ya dondurucuya qoyulmasının düzgün olub-olmaması da tez-tez verilən suallardandır. Bu səbəbdən kərə yağının düzgün saxlanması ilə bağlı mütəxəssislərin tövsiyələrinə diqqət yetirmək vacibdir.
HİT.az cəbər verir ki, 100 ildən artıq tarixə malik bir şirkət “Southern Living” nəşrinə yağın necə təzə, təhlükəsiz və yad qoxuları özünə çəkmədən saxlanıla biləcəyini izah edib.
Kərə yağını saxlamağın ən yaxşı yolu
Bir çox insan kərə yağını mətbəx masasının üzərində saxlamaya üstünlük versə də, ekspertlər bildirirlər ki, onu bir neçə saat ərzində istifadə etməyi planlaşdırmırsınızsa, soyuducuda saxlamaq daha düzgündür.
“ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) və Qida və Dərman Administrasiyası (FDA) kərə yağı da daxil olmaqla əksər süd məhsullarının soyudulmuş şəraitdə saxlanmasını tələb edir. Əgər yağı soyuducudan çıxarırsınızsa, onu otaq temperaturunda dörd saatdan çox saxlamayın, çünki bu, onun rənginə və dadına təsir edə bilər”, deyə “Land O’Lakes” şirkətində kulinariya məhsulları və kontent meneceri Tonya Engen bildirib.
Kərə yağının saxlanması üzrə tövsiyələr
Düzgün saxlanma yalnız qida təhlükəsizliyi üçün deyil, həm də məhsulun təzə qalması və zəngin kərə dadını qoruması üçün vacibdir.
“Səviyyəli kərə yağı yumşaq, kremvari dada və açıq sarı rəngə malik olur. Yağ saxlanma zamanı kənar qoxuları tez özünə çəkir, buna görə də onu soğan və ya sarımsaq kimi kəskin qoxulu məhsullardan uzaqda saxlamaq lazımdır”, deyə Engen qeyd edib.
Mütəxəssislərin sözlərinə görə, kərə yağını soyuducunun qapısında saxlamaq yaxşı fikir deyil. Qapı soyuducunun ən az soyuq hissələrindən biri sayılır. Eyni səbəbdən yumurta, süd və digər süd məhsullarını da orada saxlamaq məsləhət görülmür.
“Yağı orijinal qablaşdırmasında soyuducunun ən soyuq hissəsində saxlayın və qablaşdırmada göstərilən son istifadə tarixindən sonra bir həftədən artıq istifadə etməyin. Qablaşdırma açıldıqdan sonra isə yağı qapalı plastik paketə və ya hermetik konteynerə qoyaraq soyuducuda saxlayın”, deyə Engen əlavə edib.
Uzun müddət saxlamaq üçün kərə yağını necə dondurmaq olar?
Kərə yağını dondurmaq onun saxlanma müddətini uzatmağın yaxşı üsuludur. Lakin bunu edərkən bəzi qaydalara əməl etmək lazımdır.
Ekspertlər yağ briketlərini orijinal karton qablaşdırmasında dondurmağı tövsiyə edir. Əgər yağ son istifadə tarixindən əvvəl dondurulubsa, onu dörd ay ərzində istifadə etmək məsləhətdir.
Dondurulmuş yağı yumşaltmaq üçün onu bir gecə soyuducuda saxlamaq tövsiyə olunur. Lakin daha sürətli üsul da var — yağı adi sürtgəcdən keçirmək. Belə halda nazik qırıntılar otaq temperaturunda bir neçə dəqiqəyə yumşalır. Təmizliyi asanlaşdırmaq üçün yağı mum kağızı və ya perqament üzərində sürtmək məsləhət görülür.
Kərə yağının xarab olduğunu necə müəyyən etmək olar?
Əgər kərə yağının xarab olub-olmadığından şübhələnirsinizsə, bir neçə əlamətə diqqət yetirmək lazımdır.
Ekspertlərin sözlərinə görə, təzə kərə yağı yumşaq kremvari dada və açıq sarı rəngə malik olur. Əgər yağ xarab olubsa, xoşagəlməz qoxu yaranır və dadı turşlaşır. Həmçinin rəngi daha tünd sarıya çevrilə bilər.
Bundan əlavə, üzərində kif izləri görünərsə, bu da məhsulun artıq istifadəyə yararsız olduğunu göstərir. Belə hallarda ən yaxşı seçim yağı atmaqdır.
Samir


