İt sahibləri yaxşı bilir ki, onların ev heyvanları bəzən sanki fövqəltəbii hisslərə malikdir. İnsan kədərlənəndə və ya xəstələnəndə dördayaqlı dost dərhal yanında olur və səssiz şəkildə dəstək göstərir. Lakin mütəxəssislərin fikrincə, burada heç bir ekstrasensor qabiliyyət yoxdur — bu fenomen əsasən itlərin güclü qoxu hissi ilə izah olunur.
Hit.az xəbər verir ki, alimlər itlərin insanları necə “anladıqlarını” artıq kifayət qədər yaxşı araşdırıblar. Onlar bunun üçün əsasən qoxu hissindən istifadə edir və bu qabiliyyət insanlarla müqayisədə təxminən 100 min dəfə güclüdür. Bir çox sahib itlərinin bizim hiss etmədiyimiz dəyişiklikləri belə sezə bildiyini qeyd edir.
İtlər insan xəstəliyini hiss edə bilərmi?
"Pet Helpful" nəşrinin məlumatına görə, itlərin burnunda 300 milyondan çox qoxu reseptoru yerləşir. İnsanlarda isə bu göstərici təxminən 6 milyon təşkil edir. Məhz buna görə itlər bəzən xəstəliyin əlamətlərini həkim diaqnoz qoymazdan əvvəl hiss edə bilirlər.
İnsan xəstələndikdə tər, nəfəs və sidiyin kimyəvi tərkibi dəyişir. Orqanizm uçucu maddələr ifraz etməyə başlayır. İnsan burnu bu qoxuları hiss etməsə də, itlər onları asanlıqla ayırd edə bilir.
Araşdırmalar göstərir ki, itlər aşağıdakı xəstəlikləri müəyyən edə bilir:
*epilepsiya tutmaları;
*süd vəzi xərçəngi;
*ağciyər xərçəngi;
*sidik kisəsi xərçəngi;
*yumurtalıq xərçəngi.
Bundan əlavə, itlər insan qanında şəkərin səviyyəsinin dəyişməsini də hiss edə bilir. Bu xüsusiyyətdən istifadə edərək kinoloqlar diabet xəstələri üçün xüsusi köməkçi itlər yetişdiriblər. Belə heyvanlar sahibini hipoqlikemiya və ya hiperglikemiya haqqında xəbərdar edə, hətta qlükometri gətirməyə öyrədilə bilər.
Alimlər həmçinin qeyd edir ki, itlər insanların emosiyalarını da hiss edə bilir. İnsan qorxduqda və ya kədərləndikdə orqanizmdə müəyyən hormonlar ifraz olunur və bədən qoxusu dəyişir. İtlər bunu hiss edir və bəzən sahibinin narahatlığını paylaşır və ya onu sakitləşdirməyə çalışır.
İtlər sahibinin ölümünü hiss edə bilərmi?
İnsan həyatının son mərhələsində olduqda və ya orqanlar fəaliyyətini itirməyə başlayanda bu dəyişikliklər heyvanların diqqətindən yayınmır. Bir çox hallarda itlər ağır xəstə sahibinin yanında qalır və son günlərində onu tərk etmir.
Yaxınlarını itirən bəzi insanlar heyvanların sanki ölümün yaxınlaşdığını hiss etdiyini və sahibinin yatağının yanında qalaraq onu “qoruduğunu” qeyd edir.
İtlər hamiləliyi hiss edə bilərmi?
Mütəxəssislər bildirir ki, itlər qadının hamilə olduğunu bəzən test nəticəsindən əvvəl də hiss edə bilir. Bunun səbəbi yenə də qoxu hissidir.
Hamiləlik zamanı qadın orqanizmində bir çox dəyişiklik baş verir, o cümlədən estrogen və progesteron hormonlarının səviyyəsi artır. İt bu dəyişiklikləri qoxu vasitəsilə dərhal sezə bilər. Heyvan bunun hamiləlik olduğunu anlamasa da, sahibinin bədənində nəyinsə dəyişdiyini hiss edir və tez-tez qarın nahiyəsini iyləyə bilər.
İtlər bədbəxt hadisəni əvvəlcədən hiss edə bilərmi?
Alimlər bu məsələni hələ də araşdırır. Lakin bir çox sahib itlərin təbii fəlakətlər, yanğın və ya təhlükə yaxınlaşanda qeyri-adi davranış göstərdiyini bildirir.
Məsələn, pis hava yaxınlaşdıqda heyvan narahat ola, sızıldaya, gizlənə və ya otaqda narahat şəkildə hərəkət edə bilər.
İtlər daha nələri hiss edə bilir?
Alimlərin fikrincə, itlər qida məhsullarının qoxusunu hətta çox kiçik konsentrasiyalarda belə ayırd edə bilir. Onları müəyyən qida allergenlərini aşkar etmək üçün də öyrətmək mümkündür.
Bu səbəbdən bəzən itlərin evin başqa otağında olsa belə, sizin mətbəxdə nə hazırladığınızı hiss etməsi təəccüblü deyil.
Bundan başqa, itlər sahibinin qoxusunu uzun müddət yadda saxlayır və onu hiss etdikdə sevinclə reaksiya verir. Məhz bu qabiliyyət sayəsində xidmət itlərindən axtarış-xilasetmə əməliyyatlarında geniş istifadə olunur.
Samir


