“Həmişə istər Azərbaycan, istər dünya standartlarını nümunə çəkəndə deyirlər ki, Kəraməti ora qatmayın, çünki o özü ayrı bir nümunə yaradıb”.
Bu sözləri tanınmış yazıçı Kəramət Böyükçöl Hit.az-a açıqlamasında deyib.
O, “Oxucuların kitablara marağı sizi qane edirmi?” sualına belə cavab verib:
“Elə adamlar var ki, kitab oxuyan olmasalar da, mənim kitablarımı alırlar. Bəziləri mənə dəstək üçün, bəziləri də xatirə kimi kitablarımı satın alır. Lakin kitablarımı oxumaq üçün alan oxucularım da var. Əslində, mənim üçün ilk növbədə kitabımın satılmasıdır. Çünki bu gün maddi cəhətdən bütün təminatımı kitablarımın satışı ödəyir”.
Yazıçı özünün şəxsi nümunəsini yaratdığını söyləyib:
“Aristotel deyirdi ki, “Cəmiyyəti dəyişməyin ən effektiv üsullarından biri şəxsi nümunədir”. Şəxsi nümunə də o zaman yoluxucu olur ki, uğurla nəticələnir. Mən ədəbiyyatda öz nümunəmi yaratmışam. İnanıram ki, kitablarım get-gedə Azərbaycan sərhədlərini aşaraq təbii şəkildə dünyaya yayılmağa başlayacaq. Hazırda bir çox kitabım xaricdə satılmaq üçün tərcümə olunub və indi qiymətləndirmə mərhələsindədir. Əsərlərimin o qiymətləndirmədən də uğurla keçəcəyinə inanıram”.
Kəramət Böyükçöl “Haqq etdiyiniz dəyəri görürsünüzmü?” sualını da özünəxas tərzdə cavablayıb:
“Bəziləri mənim haqq etdiyim dəyəri görmədiyimi deyir, bəziləri isə Kəramətə lazım olduğundan çox dəyər verirlər deyir. Azərbaycanda 10 milyon əhali var. Hər ağızdan bir avaz gəlir: biri tərifləyir, biri söyür, bu gün tərifləyən sabah söyür, bu gün söyən sabah tərifləyir. Əslində, cəmiyyət belə olmalıdır. Yəni bir adama münasibət həmişə eyni səviyyədə qalmır. Məsələn, bəzən hansısa paylaşımıma görə məni söyürlər, bəzən də başqa yazıma görə öyürlər”.
Elmir Mustafa


