Amazon cəngəlliklərində yaşayan bəzi heyvanlar alimlər üçün hələ də sirr olaraq qalır. Onlardan biri görünüşcə balaca oyuncaq ayını xatırladır, lakin suyun altında ustalıqla üzür və öz növü ilə quş cikkiltisinə bənzər səslərlə ünsiyyət qurur.
Hit.az xəbər verir ki, bu barədə “BBC Wildlife” yazır.
Söhbət dünyada itkimilər fəsiləsinin ən nadir və qeyri-adi nümayəndələrindən biri sayılan kol iti (bush dog) adlı heyvandan gedir. Alimlərin fikrincə, onun ən yaxın qohumları “maned wolf” kimi tanınan yallı canavar və ya “African wild dog” kimi tanınan hiyaenaya bənzər vəhşi itdir.
Kol itləri necə görünür
Bu heyvanların bədən quruluşu terryer tipli itləri xatırladır: qısa ayaqları və tüklü quyruqları var. Onların yumşaq və uzunsov tük örtüyü qırmızımtıl-qəhvəyi rəngdə olur və bədənin arxa hissəsinə doğru daha tündləşir. Boğaz hissəsində isə çox vaxt açıq rəngli ləkə müşahidə olunur. Maraqlıdır ki, balaları doğulanda tamamilə tünd rəngli tüklə örtülü olur.
Kol itləri itkimilər fəsiləsində yarı pərdəli pəncələrə malik nadir növlərdən biridir. Kəskin caynaqlarla birlikdə bu xüsusiyyət onlara həm torpaqda dərin yuvalar qazmağa, həm də bataqlıq sahələrdə və suda rahat hərəkət etməyə imkan verir.
Portuqaliya və İspaniyada bu heyvan “cachorro-vinagre” və ya “perro vinagre” adlandırılır. Bunun səbəbi onların ərazilərini işarələmək üçün istifadə etdikləri sidiyin çox kəskin qoxuya malik olmasıdır. Bu qoxu o qədər güclüdür ki, konsentrat sirkəni xatırladır.
Ov zamanı “quş dili”
Kol itləri adi itlər kimi hürmür. Onlar yüksək tonlu, quş cikkiltisinə bənzər səslər çıxarırlar. Bu səslər sürü üzvləri arasında ov zamanı koordinasiya üçün istifadə olunan gizli ünsiyyət vasitəsidir.
Kollektiv ov zamanı heyvanlar bir-biri ilə “civildəşərək” ovlarını – məsələn, kapibara və ya böyük nandu quşlarını – suya və ya sürünün digər üzvlərinin qurduğu pusquya doğru yönləndirirlər.
Görünüşcə kiçik olsalar da, bu yırtıcılar kifayət qədər güclüdür. Onların boyu təxminən 30 santimetrə, çəkisi isə 5–7 kiloqrama çatır. Lakin sürü halında özlərindən xeyli böyük heyvanları da ovlaya bilirlər. Hərçənd yırtıcı sayılmalarına baxmayaraq, həm vəhşi təbiətdə, həm də əsirlikdə meyvə ilə də qidalanırlar.
Sosial quruluş
Kol itləri çox sosial heyvanlardır və adətən 12 fərddən ibarət qruplarda yaşayırlar. Sürüdə ciddi iyerarxiya mövcuddur: adətən yalnız bir dominant cütlük çoxalır, digər üzvlər isə balalara qulluq etməyə kömək edir. Ana balaları əmizdirərkən, erkək ona qida gətirir.
Gizli həyat tərzi
Bu heyvanlar əsasən yeraltı yuvalarda yaşayır və çox vaxt zirehli armadilloların tərk etdiyi yuvaları istifadə edir və ya ağacların oyuqlarında məskunlaşır.
Onlar o qədər gizli həyat sürür ki, müasir fototələlər belə onları nadir hallarda qeydə ala bilir. Buna görə də alimlər xüsusi təlim keçmiş detektor itlərdən istifadə edirlər. Bu itlər kol itlərinin nəcisinin qoxusunu tapır və alimlər daha sonra həmin nümunələr üzərində DNT analizi aparırlar.
Samir


