“Xalq yazıçısı olmaq kimi hədəfim yoxdur”.
Bu sözləri tanınmış yazıçı Kəramət Böyükçöl Hit.az-a müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik:
- Kəramət bəy, bəziləri deyir ki, “Facebook”dakı bir çox paylaşımı gündəm olmaq üçün edirsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bax, sən gəldin məndən müsahibə aldın. İndi sual verəcəksən, ağzımdan bir söz çıxacaq, yenə aləm qarışacaq bir-birinə. İndi mən bunu gündəm olmaq üçün deyirəm? Yox.
- Müsahibələri deyil, daha çox “Facebook” paylaşımlarını nəzərdə tuturlar...
- “Facebook” paylaşımları da bu səviyyədədir. Telefon əlimdə olur, beynimə bir fikir gələn kimi götürüb ora yazıram. Lakin onu gündəm olmaq üçün yazmıram. Sadəcə olaraq fikirlərim insanlara maraqlı gəlir. Əslində isə unudulmaq istəyirəm. Ona görə də mənə gündəm lazım deyil. Mənə bu dəqiqə desələr ki, “kitab satışından əldə etdiyin pulu, dolanışığı veririk, sosial şəbəkələri tərk et”, dərhal çıxaram. Mənə sosial şəbəkərlədə çox mesaj gəlir və artıq yoruluram.
- Nə üçün yorulmusunuz?
- Biri deyir “Kəramət bəy, sizi görmək istəyirik”, biri deyir “sizinlə oturmaq istəyirik”, biri deyir “sizinlə şəkil çəkdirmək istəyirik”, biri gəlib kitab imzaladır. Bunlar adama rahatlıq verən şeylər deyil axı. Təzə-təzə başlayanda hə, sənə xoş gələ bilər, amma artıq yorub, hətta bezdirmək mərhələsini də keçib.
Ona görə yolda kimləsə üz-üzə gələndə fikirləşirəm ki, “ay Allah, indi mənə salam verəcək, bir də bununla hal-əhval tut”. Bilirsən, bu şeylər adamı nə qədər incidir? Gündəm nədir? Bir dəqiqə o qədər beynimdə fikirlər var, götürüb ora yazaram, aləm qarışar bir-birinə. Amma düşünürəm ki, paylaşsam, yenə saytlardan zəng edəcəklər, aləm qarışacaq. Ona görə də çox vaxt ağlıma gələnləri yazmıram.
- Maraqlıdır, Xalq yazıçısı adını almaq hədəfiniz varmı?
- Yox. Mən onsuz da xalqın yazıçısıyam. Xalq yazıçısı necə olmalıdır ki? Hazırda düşüncələrimi kitablarımda və ya paylaşımlarımda yazıram. Böyük oxucu kütləm var. Ona görə də indiki Kəraməti hər şeydən üstün tuturam. Məni Kəramət Böyükçöl edən azad fikirlərimdir. Nəyəsə görə bu kimliyimdən imtina edə bilmərəm. Faktiki olaraq, kitablarımı satıb, pulumu qazanıram. Əslində, mənim Xalq yazıçısı olmaq kimi hədəfim yoxdur.
- Bəs yeni kitab üzərində çalışırsızmı?
- Bəli, yeni kitab həmişə var. Hər zaman məndən soruşanda “təzə kitabın nə vaxt çıxır?” deyirəm o biri yazdıqlarımı oxumusan? Deyirlər “yox”. Deyirəm bəs yeni kitab nəyinə lazımdır? Lakin insanlar maraqlanırlar. Ona görə də yeni kitablar yazacağam.
Elmir Mustafa

