Yeni nəsil sürücülər üçün sükan arxasına keçmək artıq sadəcə sürət qutusunu dəyişib hərəkətə başlamaqdan ibarət deyil: smartfonlardakı naviqasiya tətbiqlərini açmaq bu prosesin ayrılmaz hissəsinə çevrilib.
HİT.az xəbər verir ki, “Carmoola” tərəfindən 2000 iştirakçı ilə aparılan yeni araşdırma sürücülərin texnologiyaya asılılığının nəsillər arasında necə dərin uçurum yaratdığını göstərir. Xüsusilə Z nəsli və gənc Y nəsli nümayəndələri hər gün getdikləri market yolunda belə rəqəmsal bələdçi olmadan özlərini təhlükəsiz hiss etmirlər.
Araşdırma nəticələrinə görə 25–34 yaş aralığındakı sürücülərin təxminən 1/3-i naviqasiyadan istifadəni müzakirəyə açıq olmayan bir zərurət hesab edir. Bu gənc sürücülərin 20 faizi hətta çox qısa məsafələr üçün belə “Google Maps” və ya “Waze” kimi tətbiqlərdən istifadə edir. Sosial şəbəkələrdə bu vəziyyəti açıq şəkildə etiraf edən istifadəçilər “öz məhəlləmdən belə naviqasiyasız çıxa bilmirəm” və ya “daim getdiyim yerə belə GPS olmadan gedə bilmirəm” kimi şərhlərlə rəqəmsal asılılığın miqyasını ortaya qoyurlar.
İtkin düşmə qorxusu və beynin “sönən” bölgələri
Yaş artdıqca texnologiyaya güvən təcrübə və yol nişanlarına etibarla əvəz olunur. 45 yaşdan yuxarı sürücülərin yalnız kiçik bir hissəsi hər səfərdə naviqasiyaya ehtiyac duyur, 15 faizlik bir qrup isə bu cihazlardan demək olar ki, heç istifadə etmir. Siqnalın kəsilməsi halında isə nəsillər arasındakı fərq daha da aydın görünür. Yaşlı sürücülər yol nişanları və binalar vasitəsilə istiqamət tapa bildiklərini deyərkən, gənclərin dörddə biri dərhal kənara çəkilib kimdənsə yol soruşmağı seçir.
Lakin bu texnoloji rahatlığın beynə gözlənilməz təsirləri var. “University College London” tərəfindən aparılan araşdırma naviqasiya cihazlarından istifadənin beynin bəzi bölgələrini sanki deaktiv etdiyini ortaya çıxarıb. Mütəxəssislər könüllülərin beyinlərini skan edərək apardıqları təcrübədə öz gücü ilə yol tapan insanlarda yaddaşa cavabdeh “hipokamp” və qərarvermə mexanizmi olan “prefrontal korteks” bölgələrində yüksək aktivlik müşahidə ediblər.
Bunun əksinə, yalnız ekrandakı göstərişləri izləyən sürücülərin beynində əlavə aktivlik qeydə alınmayıb. Dr. Hugo Spiers bildirir ki, texnologiya bizə hara gedəcəyimizi dedikdə beynimiz ətrafdakı küçələrə olan marağını tamamilə itirir və sanki “yuxu rejiminə” keçir. Bu isə rəqəmsal köməkçilərin rahatlıq yaratdığı halda idrak xəritələmə qabiliyyətimizi zəiflətməsini açıq şəkildə göstərir.
Samir


