Erkən yaşlarda yaşanan təcrübələrin insanın bütün həyatına təsir etdiyi məlumdur. Uşaqlığı 1950-ci illərə təsadüf edən nəsil nikbinlik və qorxunun ziddiyyətli birləşməsi şəraitində formalaşmış, bu isə sonradan onların emosional dayanıqlığını müəyyənləşdirmişdir.
HİT.az xəbər verir ki, bu barədə "Yourtango" nəşri ekspert rəylərinə istinadən yazır.
Məqalədə əsasən ABŞ-da “baby boomer” adlandırılan nəsildən bəhs edilsə də, ümumi xüsusiyyətlərinə görə bu nəsil bizim ilk müharibədən sonrakı nəsillə çox oxşardır. Bu insanlar sürətli iqtisadi inkişaf və nüvə müharibəsi təhlükəsinin paralel mövcud olduğu şəraitdə böyüyüblər. Ekspertlərin sözlərinə görə, arzularla narahatlıqlar arasındakı bu ziddiyyət uşaqları erkən yaşdan uyğunlaşmağa məcbur edib.
“Müxtəlif bir dünya haqqında xəyal qur, amma öz yerini bil, qaydalara əməl et və nəticələri qəbul et", analitiklərin fikrincə, həmin dövrün qeyri-rəsmi həyat prinsipi belə olub.
Psixoterapevt Qloriya Breym bildirir ki, 1950-ci illərin uşaqlarının böyük hissəsi İkinci Dünya müharibəsi veteranlarının və ya onun nəticələrini yaşamış insanların ailələrində böyüyüb. Müharibədən sonra doğulanlar belə onun psixoloji təsirini hiss ediblər.
“Bir çox keçmiş hərbçi travmanı evə gətirmişdi və tədqiqatlar göstərir ki, onların uşaqları bunu hiss edirdi”, deyə ekspert qeyd edir.
Eyni zamanda, soyuq müharibə məktəblilərə nüvə hücumu zamanı partaların altında gizlənməyi öyrədən daimi təhlükə mühiti yaradırdı.
Buna baxmayaraq, cəmiyyətdə gələcəklə bağlı nikbin gözləntilər də mövcud idi – uçan avtomobillərin və bütün xəstəliklərə qarşı universal dərmanların yaranacağına inanılırdı. Uşaqlar reallığı anlamaq üçün fantaziyadan fəal istifadə edirdilər. Mütəxəssislərin fikrincə, qorxu ilə arzunu birləşdirmək bacarığı xüsusi psixoloji dayanıqlığın formalaşmasına kömək edib. Lakin bir çoxları üçün yetkinlik dövrü “ideal gələcək” vədlərinin gerçəkləşməməsi səbəbilə məyusluqla yadda qalıb.
Bu nəsil üçün digər mühüm tərbiyə xüsusiyyəti “sərt sevgi” adlandırılan yanaşma idi. Astroloq Ariya Qmitter bildirir ki, 1950-ci illərin uşaqları tez-tez valideynlərinin emosional təmkinliliyi ilə üzləşirdi. Onun sözlərinə görə, böyüklərin reaksiyaları birbaşa və kompromisssiz olurdu: problemlərini özün həll et. Bu yanaşma bu gün emosional soyuqluq kimi qiymətləndirilə bilsə də, o dövrdə şəxsi məsuliyyət hissini formalaşdırırdı.
Ekspertlər vurğulayır ki, bu model uşaqlara yalnız özlərinə güvənməyi öyrədirdi.
“Məni xilas edəcək heç kim yox idi. Özümü özüm xilas etməli idim”, deyə Qmitter qeyd edir. Nəticədə, məğlubiyyətlərdən sonra ayağa qalxmağa və kömək gözləməməyə alışmış bir nəsil formalaşıb.
Bu həyat yanaşması istənilən şəraitdə qurban rolundan imtinanı nəzərdə tuturdu. Hesab olunur ki, emosional təmkin və özünüidarə o dövrdə daha sərt görünən dünyada yaşamaq üçün zəruri idi.
“Əsl sevgi sərt idi və mütləq həqiqətə əsaslanırdı”, deyə ekspertlər yekunlaşdırır.
Analitiklərin fikrincə, 1950-ci illərin uşaqlarının təcrübəsi daha qorunan və nəzarətli olan müasir uşaqlıq dövründən əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən həmin nəsilə xas emosional dayanıqlıq bu gün daha az rast gəlinir, lakin yeni qlobal çağırışlar fonunda yenə də vacib bacarıq olaraq qalır.
Samir


