İnsanların həyatının son dəqiqələrində nə görür?

MARAQLI
18:15 / 06.04.2026
49

Həyatın son anlarında insanları müşayiət edən, ölüm prosesində emosional dəstək göstərən doulalar öz təcrübələrini bölüşüblər. Onların sözlərinə görə, ölümə yaxınlaşan insanların yaşadıqları təcrübələr həm sakitləşdirici, həm də düşündürücü ola bilər.

HİT.az xəbər verir ki, ölümə yaxın insanlara dəstək verən şəxslər bu sahədəki təcrübələri barədə “The Washington Post” nəşrinə danışıb.

Doulalar tibbi işçi hesab olunmur və adətən xüsusi tibbi təhsil tələb etmir. Bununla belə, ABŞ-da bəzi hospislərdə onların xidmətlərindən istifadə edilir. Onların əsas vəzifəsi ölüm ayağında olan insanlara və onların yaxınlarına emosional dəstək verməkdir.

Doulalar bildirirlər ki, ölüm haqqında danışmaq çoxları üçün çətin olsa da, bu, insan həyatının təbii hissəsidir. Kaliforniyanın şimalından olan doola, “Həyatın sonu: ölümə yaxın insanların bizə öyrətdiyi həyat dərsləri” kitabının müəllifi və Vermont Universitetində dərs deyən Deyan Battonun sözlərinə görə, insan bədəni doğulmağı bildiyi kimi, ölməyi də “bilir”.

Onun fikrincə, ölümcül xəstəliklərlə yaşayan insanlar üçün bu keçid bəzən bir rahatlama kimi hiss oluna bilər, çünki uzun sürən xəstəlikdən yorğunluq yaranır.

Mütəxəssislər qeyd edirlər ki, bu mərhələdə insanlar üçün ən böyük rahatlıq yarımçıq qalan söhbətlərin tamamlanmasıdır. Ən çox peşmanlıq pulla və ya karyera ilə bağlı deyil, deyilən və ya deyilə bilməyən sözlərlə bağlı olur. Vida, üzr və ya sevgi ifadələrinin çatışmaması insanları daha çox narahat edir.

Hospis qayğısı alan insanlar son günlərini planlaşdıra bilirlər: sevdikləri musiqini dinləmək, yaxınlarını ətrafda görmək və hətta bəzi hallarda ev heyvanları ilə birlikdə olmaq mümkündür. Bu da həm xəstəyə, həm də ailəsinə rahatlıq gətirir.

Doulalar həmçinin ağrıların idarə olunmasında da rol oynayır. Müvafiq dərmanlar ölüm prosesini daha rahat və sakit keçirməyə kömək edə bilər.

Bir neçə doolanın bildirdiyinə görə, bəzi insanlar ölümə yaxın günlərdə artıq dünyasını dəyişmiş yaxınlarını gördüklərini və ya onların adlarını çağırdıqlarını deyirlər. Bu halların ölümə bir neçə gün qalmış baş verdiyi qeyd olunur.

Deyan Batton belə halların şahidi olduğunu, xəstələrin bəzən on illər əvvəl vəfat etmiş insanlarla “ünsiyyət qurduqlarını” söyləyib.

Bəzi insanlar bunu hallüsinasiyalar kimi izah edir, Çikaqoda yerləşən “Waxwing Journeys” təşkilatının təsisçisi Erika Rid Gerdes isə bunu başqa cür də qəbul edənlərin olduğunu bildirib. Onun sözlərinə görə, bu təcrübə yaşanarsa, yaxınlar həmin insanı diqqətlə dinləməli və onun yaşadıqlarına hörmətlə yanaşmalıdırlar.

Doulaların fikrincə, bir çox mədəniyyətlərdə ölüm son deyil, keçid kimi qəbul olunur. Onlar hesab edirlər ki, insan öz ölümünü düşünməyi öyrəndikdə, həyat daha mənalı ola bilər.

Deyan Battonun sözlərinə görə, insanların çoxu həyatın sonunda eyni sualları düşünür: “Mən sevməyi bacardımmı? Dünyaya fayda verdimmi? Həyatımın mənası oldumu?”

Onun fikrincə, bu suallar üzərində sağ ikən düşünmək insanlara həm daha dolğun yaşamağa, həm də ölümlə bağlı qorxunu azaltmağa kömək edə bilər.

Samir
 

0