Bu gün tarixin vərəqlərində 7 apreldəyik.
Hit.az xəbər verir ki, bu gün dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.
Bir çox mühüm və yaddaqalan hadisə də bu tarixə təsadüf edir. Bundan əlavə, ölkə və dünya üçün əhəmiyyət kəsb edən bir sıra görkəmli şəxsin doğum və vəfat günü də məhz 7 arpreldədir. Elə isə tarixin 7 aprelinə nəzər salaq...
7 apreldə nələr baş verib?
1906-cı ildə “Molla Nəsrəddin” jurnalı ilk dəfə nəşr olunub. 1992-ci ildə Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulub. Həmin ildə Azərbaycan Hava Yolları da təsis edilib. Həmçinin, 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsis olunub. 2017-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində terror aktı törədilib.
7 apreldə doğulanlar:
1959-cu ildə Xalq yazıçısı Çingiz Abdullayev, 1982-ci ildə serb əsilli milli futbolçu Branimir Subaşiç dünyaya gəlib.
Həmçinin, 1921-ci ildə türkiyəli riyaziyyatçı Feza Gürsey, 1939-cu ildə amerikalı rejissor Frensis Ford Koppola, 1944-cü ildə Almaniya kansleri Gerhard Şröder, 1949-cu ildə Rusiya dövlət xadimi Valentina Matviyenko, 1954-cü ildə çinli aktyor Ceki Çan, 1964-cü ildə Yeni Zelandiya aktyoru Rassel Krou, 1983-cü ildə fransız futbolçu Frank Riberi, 1987-ci ildə amerikalı aktrisa Anna Konkl və 1989-cu ildə rusiyalı müğənni Yuliya Samoylova doğulub.
7 apreldə vəfat edənlər:
1973-cü ildə Əməkdar artist, aktyor Əhməd Anatollu, 2005-ci ildə Xalq artisti, bəstəkar Hacı Xanməmmədov, 2006-cı ildə Xalq artisti, balerina Qəmər Almaszadə, 2006-cı ildə qanuni oğru Lotu Hikmət, 2007-ci ildə aktyor Ramiz Sərkərov və 2021-ci ildə alim Fərid Ələkbərli dünyasını dəyişib.
Dünyada isə 1789-cu ildə Osmanlı sultanı I Əbdülhəmid, 1918-cü ildə gürcü rəssam Niko Pirosmani və 2020-ci ildə amerikalı müğənni Con Prayn vəfat edib.
Pərviz


