Birtərəfli ünsiyyət emosional istismarın əsas əlamətlərindən biridir.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya klinik psixoloq Yekaterina Savina məlumat verib.
Mütəxəssis bildirib ki, əgər insan mütəmadi olaraq yalnız problemləri ilə sizə müraciət edir, lakin sizin həyatınıza maraq göstərmirsə, bu, emosional istismara işarədir:
“Yəni qarşılıqlı münasibət yoxdur: siz dəstək verirsiniz, amma əvəzində dəstək almırsınız”.
Savina əlavə edib ki, ikinci xəbərdarlıq əlaməti emosional tükənmədir. Onun sözlərinə görə, belə halda insan söhbətdən sonra yorğunluq, qıcıqlanma və ya boşluq hiss edir.
Mütəxəssis şəxsi sərhədlərin pozulmasına da diqqət yetirməyə çağırıb. Belə vəziyyətdə insan istənilən vaxt yazır və ya zəng edir, dərhal cavab gözləyir.
Onun sözlərinə görə, digər əlamətlərdən biri də kömək etməyə hazır olmadıqda yaranan günahkarlıq hissidir.
“Hər kəs özü-özlüyündə başa düşə bilmir ki, ondan istifadə olunur. Burada əsas göstərici ‘vermək-almaq’ balansıdır. Əgər bu balans sistemli şəkildə pozulursa, düşünmək üçün səbəb var. Öz hisslərinizə mütləq diqqət edin: davamlı gərginlik və ünsiyyət istəməmək münasibətin artıq sağlam olmadığını göstərə bilər”, deyə Savina bildirib.
Psixoloq vəziyyəti dəyişmək üçün ilk addımın problemi qəbul etmək olduğunu vurğulayıb.
“Siz daimi emosional dəstək mənbəyi olmaq məcburiyyətində deyilsiniz. Sərhədlər müəyyən edin, ünsiyyət vaxtını məhdudlaşdırın, resursunuz yoxdursa dərhal cavab verməyin. Sakit şəkildə, izah etmədən "yox" deməyi öyrənin. Həmçinin qarşı tərəfin reaksiyasına diqqət edin: sizin sərhədlərinizə hörmət münasibətin davam etməsinə imkan verir, onları görməməzlikdən gəlmək isə uzaqlaşmaq üçün səbəbdir. Ən vacibi isə öz resursunuzu bərpa etmək və özünüzə vaxt ayırmaqdır”, deyə o əlavə edib.
Savina qeyd edib ki, sağlam münasibətlər daim birtərəfli vermək üzərində deyil, qarşılıqlı balans üzərində qurulur.
Samir


