Bir çox ev heyvanı sahibləri bilmirlər ki, pişiyi sərbəst şəkildə çölə buraxmaq onun həyatı üçün ciddi risk yaradır. Söhbət vaxtından əvvəl ölüm riskindən də gedir.
HİT.az “The Independent”ə istinadən xəbər verir ki, təkcə Avstraliyada pişik sahiblərinin təxminən üçdə ikisi ev heyvanlarını çöldə gəzərkən itirib. Əsas səbəblər yol-nəqliyyat hadisələri, digər heyvanlarla davalar və hündürlükdən yıxılmalar olub. Oxşar tendensiyalar digər ölkələrdə də müşahidə edilir.
Yaxalıqlara yerləşdirilən kameralar pişiklərin çöldə qarşılaşdığı təhlükələri göstərib. ABŞ-da aparılan bir araşdırmada 55 sərbəst gəzən pişiyin 25%-nin zəhərlənmə riski ilə üzləşdiyi, 45%-nin yol keçdiyi, 25%-nin digər pişiklərlə rastlaşdığı, 20%-nin isə kanalizasiya və ya evlərin alt hissələrinə girdiyi müəyyən edilib.
Yeni Zelandiyada 37 pişik üzərində aparılan oxşar tədqiqatda isə onların 59%-nin çöldə su içdiyi, 40%-nin yemək tapdığı, 32%-nin yol keçdiyi, 21%-nin isə damlara çıxaraq yıxılma riski yaşadığı üzə çıxıb.
Böyük Britaniyada aparılan tədqiqatlara görə, pişiklər arasında ölümün əsas səbəblərindən biri yol qəzalarıdır. Avropa araşdırmaları göstərib ki, pişiklərin 18–24%-i həyatları boyu avtomobil qəzasına düşür və bu halların təxminən 70%-i ölümlə nəticələnir.
Mütəxəssislər bildirir ki, ən çox riskə 5 yaşadək pişiklər, xüsusilə də erkək və sterilizasiya olunmamış heyvanlar məruz qalır, çünki onlar daha uzaqlara gedir və daha çox dolaşırlar.
Bundan əlavə, çöldə gəzən pişiklər FIV (pişik immunçatışmazlığı virusu) kimi ciddi infeksiyalara yoluxa bilər və digər pişiklərlə döyüşlərdə xəsarət ala bilərlər.
Pişiklərin təhlükəsizliyini necə artırmaq olar?
Alimlərin fikrincə, ən sadə üsul pişiyi təhlükəsiz ərazidə saxlamaqdır. Bu, onun tamamilə evdə qalması demək deyil. Bir çox sahiblər həyətin bir hissəsini hasarlayaraq pişiklər üçün təhlükəsiz açıq zona yaradırlar.
Bəzi sahiblər isə pişiyi xüsusi şleyk ilə gəzdirir, bu da nəzarətli gəzinti imkanı yaradır.
Mütəxəssislər həmçinin bildirir ki, evdə saxlanılan pişiklər üçün gigiyenik şərait vacibdir: hər pişik üçün ayrıca tualet qutusu və əlavə bir qutu olmalı, onlar yemək qablarından uzaqda və sakit yerlərdə yerləşdirilməlidir.
Pişiklərin sahibinə sevgisini necə göstərir?
Mütəxəssislər qeyd edir ki, pişiklər sevgilərini bədənlərini sahibinə sürtmək, yanında yatmaq və ya qucaqda uzanmaq kimi davranışlarla göstərirlər.
Samir


