Şəhər quşları kişilərə nisbətən qadınlardan daha çox çəkinir - Alimlər

MARAQLI
23:20 / 01.05.2026
38

Şəhər quşları qadınlar yaxınlaşdıqda kişilərə nisbətən daha tez təhlükəsiz məsafəyə çəkilir. Bu nəticəyə beynəlxalq bioloqlar qrupu gəlib. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “People and Nature” jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər “uçuş məsafəsi” adlanan göstəricini — quşların insan yaxınlaşdıqda uzaqlaşmağı seçdiyi minimal məsafəni araşdırıblar. Təcrübə Çexiya, Fransa, Almaniya, Polşa və İspaniya olmaqla beş Avropa ölkəsində aparılıb. Araşdırmada eyni boyda və oxşar geyimdə olan kişi və qadın iştirakçılar yer alıb. Onlardan şəhər parkları və yaşıllıq zonalarında quşlara doğru eyni sürətlə düz xətt üzrə yaxınlaşmaq tələb olunub.

Nəticələr göstərib ki, bütün hallarda quşlar qadınların yaxınlaşmasına daha tez reaksiya verib. Orta hesabla quşlar kişilərə qadınlara nisbətən təxminən bir metr daha yaxın məsafəyə gəlməyə imkan veriblər. Bu qanunauyğunluq tədqiq edilən 37 quş növünün hamısında müşahidə olunub. Ümumilikdə 2701 ölçmə aparılıb.

Alimlər bu davranışın səbəbini hələlik tam izah edə bilmirlər. Onların ehtimalına görə, quşlar insanları qoxu, hərəkət xüsusiyyətləri və ya digər davranış siqnalları vasitəsilə fərqləndirə bilər. Lakin bu fərziyyələrin təsdiqi üçün əlavə tədqiqatlara ehtiyac var.

Müəlliflər qeyd edirlər ki, bu nəticələr şəhər mühitində vəhşi təbiətin insanla qarşılıqlı əlaqəsinin daha yaxşı başa düşülməsi üçün vacibdir. Gələcəkdə alimlər quşların reaksiyasına təsir edən amilləri daha ətraflı araşdırmağı planlaşdırırlar.

Samir
 

0