Çoxları inanır ki, münasibətləri məhv edən əsas səbəblər xəyanət, yalan və ya kobudluqdur. Bu, doğrudur. Lakin bəzən sevginin ən təhlükəli düşməni tam sakitlik görüntüsü altında gizlənir.
HİT.az xəbər verir ki, amerikalı psixoloq Mark Trevers “Forbes” üçün yazdığı məqalədə münasibətlərdə sevgini öldürən 1 nömrəli vərdişi açıqlayıb.
Söhbət konfliktlərin olmamasından gedir. Bir çox cütlük daimi sükutu ideal münasibət kimi qəbul edir, lakin psixoloqun fikrincə bu, əslində sonun başlanğıcı ola bilər.
Konfliktlər nə üçün lazımdır?
Treversin sözlərinə görə, filmlər və kitablar sayəsində konflikt anlayışı çox vaxt isterika və ya qalmaqalla əlaqələndirilir. Halbuki real həyatda bu, sadəcə iki insan arasında fikir ayrılığıdır.
Münaqişədən qaçmaq cəhdləri isə təhlükəli vərdişlər yaradır: narahat mövzuları susdurmaq, hissləri basdırmaq, tərəf müqabilini narahat etməmək üçün güzəştə getmək və “xeyirxahlıq” adı altında kiçik yalanlar demək.
Konfliktdən qaçmaq münasibətləri necə zədələyir?
Psixoloqun fikrincə, problem mübahisənin olmaması deyil, onun sadəcə təxirə salınmasıdır. Tədqiqatlara əsasən, konfliktlərdən qaçmaq onları həll etməkdən daha zərərlidir.
Görünüşdə sükut sakitlik yaradır, amma bu, həqiqi harmoniya demək deyil. İnsan hisslərini daim basdırdıqda daxili gərginlik artır, psixoloji yorğunluq yaranır və münasibətlərin keyfiyyəti aşağı düşür.
“Modern thought in psychology” jurnalında dərc olunan araşdırmalar göstərir ki, konfliktlərdən qaçmaq uzunmüddətli dövrdə emosional rifaha ciddi zərər vurur. Eyni zamanda “Journal of Personality and Social Psychology Bulletin” (2012) araşdırmasına görə, hisslərini boğan insanlar daha çox narazılıq və xoşbəxtsizlik yaşayır.
Zamanla yığılan incikliklər daha sərt formada üzə çıxır və münasibətlərin dağılma riskini artırır.
Sağlam münasibət nə ilə xarakterizə olunur?
Trevers qeyd edir ki, öz hisslərini gizlətmək insanı münasibət daxilində “maskalı” yaşamağa məcbur edir. Bu isə yaxınlığı zəiflədir və emosional uzaqlaşma yaradır.
Sağlam münasibətlər mübahisəsiz olmur — əksinə, onlar fikir ayrılıqlarını açıq şəkildə müzakirə etmək və ortaq həll tapmaq bacarığı ilə fərqlənir. Problemlərdən qaçmaq onları aradan qaldırmır, əksinə daha da dərinləşdirir.
Psixoloqun fikrincə, sevgi sükutla deyil, açıq ünsiyyət və sağlam müzakirə ilə qorunur.
Samir


