Tarixin 8 mayı...

MARAQLI
16:00 / 08.05.2026
101

Bu gün tarixin vərəqlərində 8 maydayıq.

Hit.az bildirir ki, bu gün ölkə və dünya üçün bir sıra mühüm hadisələr baş verib.

Çox sayda görkəmli şəxsin doğum və vəfat günü məhz 8 maya təsadüf edir. Azərbaycan tarixində isə yaxın keçmişə qədər 8 may Şuşanın işğal günü kimi xatırlanırdı. Belə ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tarixi şəhərimizi işğal etmişdilər. Lakin şükürlər olsun ki, Vətən müharibəsində 8 noyabr 2020-ci ildə Şuşa şəhəri qəhrəman Azərbaycan Ordusunun əsgərləri tərəfindən işğaldan azad edildi. 
Məhz həmin ilin 8 noyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edildiyini açıqladı. Bununla da illərdir davam edən həsrət Ali Baş Komandan və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində başa çatdı. Bu gün işğal altında olan hansısa ərazimiz yoxdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib. Artıq işğal günlərini deyil, zəfər günlərini qeyd edirik!

8 mayda baş verənlər:
1978-ci ildə Everest dağına ilk yüksəlişi Raynhold Messner və Piter Habeler tərəfindən əlavə oksigen olmadan ediblər. 1992-ci ildə Azərbaycanla İsveç arasında diplomatik əlaqələr qurulub. 2014-ci ildə “Qarabağ” Azərbaycan Premyer Liqası çempionu olub. 2018-ci i “Avroviziya” Mahnı Müsabiqəsində Aysel Məmmədova "X My Heart" mahnısı ilə Azərbaycanı təmsil edib.

8 mayda doğulanlar:
1973-cü ildə Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyev, 1910-cu ildə şair, professor Cəfər Xəndan, 1919-cu ildə Xalq artisti, bəstəkar Soltan Hacıbəyov, 1943-cü ildə Əməkdar incəsənət xadimi, aktyor Zirəddin Tağıyev, 1952-ci ildə Milli Məclisin I çağırış deputatı Cəbrayıl Əhmədov və 1974-cü ildə boksçu Əli İsmayılov dünyaya gəlib.

Dünyada isə 1856-cı ildə Meksikanın 34-cü prezidenti Pedro Laskurain, 1884-cü ildə ABŞ-nin 33-cü ildə prezidenti Harri Trumen, 1903-cü ildə fransız aktyor Fernandel, 1916-cı ildə FİFA Prezidenti Joao Avelanj, 1970-cu ildə sabiq ispan futbolçu və baş məşqçi Luis Enrike və 1975-ci ildə ispan müğənni Enrike İqlesias doğulub.

8 mayda vəfat edənlər:
1990-cı ildə Milli Qəhrəman Şahlar Şükürov və 1992-ci ildə Milli Qəhrəman Albert Aqarunov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1859-cu ildə ispan rəssam Xose Madraso, 1880-ci ildə fransız yazıçı Qüstav Flober, 1936-cı ildə alman tarixçi Osvald Şpenqler, 1988-ci ildə amerikalı yazıçı Robert Haynlayn, 2015-ci ildə türk aktyor Zəki Alasya və 2020-ci ildə aktrisa Tamara Gözəlova vəfat edib.

Pərviz
 

0