Seriallar insanlara niyə daha çox mənfi təsir edir?

MARAQLI
12:20 / 20.05.2026
109

Tez-tez serialların insan düşüncələrinə mənfi təsir etdiyi barədə fikirlər eşidirik.

Xüsusilə cəmiyyətdə cinayət hadisələri yaşanılanda ağla ilk gələn səbəblərdən biri sə seriallar olur. Həmçinin, xəyanətin artması, ailə dəyərlərinin məhv olması və bir çox başqa mənfi məsələyə görə də seriallar günahlandırılır. 

Maraqlıdır, həqiqətənmi seriallarda göstərilən mənfi proseslər insanlara təsir edir? Bəs niyə seriallardakı yaxşı səhnələrin effekti eyni şəkildə olmur?

Klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında bildirib ki, insan beyni təhlükəni, qorxunu və mənfi hadisələri müsbət hadisələrdən daha tez yadda saxlayır: 


“Çünki psixoloji olaraq beynin əsas məqsədi insanı xoşbəxt etmək yox, onu təhlükədən qorumaqdır. Bu səbəbdən seriallarda göstərilən xəyanət, aqressiya, manipulyasiya, travma və ya qorxu dolu səhnələr insanın emosional yaddaşında daha dərin iz buraxır. 

Beyin bu halları “təhlükə siqnalı” kimi qəbul edir və onları təkrar-təkrar analiz etməyə başlayır. Yaxşı səhnələr isə çox vaxt insanın daxilində artıq çatışmayan hisslərə toxunmur. İnsan sevgini, mərhəməti və ya sağlam münasibəti sadəcə izləyir, amma onu daxilən yaşamırsa, beyin bunu real təcrübə kimi qəbul etmir”.

Onun sözlərinə görə, mənfi səhnələr isə insanın bastırdığı qorxularına, uşaqlıq yaralarına və ya daxili gərginliyinə toxunduğu üçün daha güclü təsir edir:
“Psixologiyada buna “neqativlik effekti” deyilir. İnsan zehnində bir mənfi hadisə, bir neçə müsbət hadisədən daha güclü yer tutur. Çünki travmatik və emosional yüklü görüntülər beyində daha aktiv reaksiya yaradır. Həmçinin, insan öz daxilində hansı hissləri daşıyırsa, ən çox onu görür və ona bağlanır. Daxilində güvənsizlik olan biri serialdakı xəyanət səhnələrinə daha çox fokuslanır. Tərkedilmə qorxusu olan biri ayrılıq səhnələrindən təsirlənir”.

Zəhra Zahidova vurğulayıb ki, serial sadəcə görüntü göstərmir, insanın daxilində gizlənən hissləri oyadır:
“Buna görə də bəzi insanlar serial izlədikdən sonra düşüncələrinin, münasibətlərə baxışlarının və hətta davranışlarının dəyişdiyini hiss edirlər. Çünki beyin təkrar gördüyü emosional nümunələri bir müddət sonra normal qəbul etməyə başlayır”.

Pərviz

0