Qarderob dizayn edərkən həyat tərzinizi nəzərə almaq vacibdir.
HİT.az xəbər verir ki, bu barədə dizayner və interyer üzrə mütəxəssis Veronika Antelava gazeta.ru-ya bildirib.
Onun sözlərinə görə, qarderobun layihələndirilməsinə başlamazdan əvvəl saxlanılacaq əşyaların sayı, geyim növləri, o cümlədən mövsümi paltarlar, ayaqqabılar və aksesuarlar təhlil edilməlidir. Məhz bu amillər qarderobun quruluşunu müəyyənləşdirir.
Antelava qeyd edib ki, asılqanlarda saxlanılan geyimlər çoxdursa, uzun asılqan bölmələrinin sayı artırılmalıdır. Əgər əsasən gündəlik geyimlər üstünlük təşkil edirsə, rəflər və çıxarılan çekmecələrə daha çox yer ayrılması məqsədəuyğundur.
Ekspertin fikrincə, ikinci mühüm məsələ qarderobun funksional zonalara bölünməsidir.
"Qarderob üst geyimləri, gündəlik paltarlar, ayaqqabılar, aksesuarlar və digər kateqoriyalar üzrə ayrıca bölmələrə ayrılmalıdır. Müxtəlif növ əşyaların qarışıq şəkildə yerləşdirilməsi geniş yayılmış səhvdir. Bu, həm lazım olan əşyanın tapılmasını çətinləşdirir, həm də vizual qarışıqlıq yaradır", deyə dizayner bildirib.
Onun sözlərinə görə, yuxarı rəflər nadir hallarda istifadə olunan və ya mövsümi əşyalar üçün daha uyğundur. Orta hissədə gündəlik istifadə olunan geyimlər yerləşdirilməli, aşağı bölmələr isə ayaqqabıların saxlanması üçün ayrılmalıdır.
Veronika Antelava qarderob zonasında işıqlandırmaya da xüsusi diqqət yetirməyi tövsiyə edib:
"Ən ideal şəkildə layihələndirilmiş qarderob belə, zəif işıqlandırma şəraitində funksionallığını itirir. Yumşaq ümumi işıqlandırmanı rəflər və asılqanlar üçün quraşdırılmış lokal işıqlandırma ilə birləşdirməyi məsləhət görürəm. Bu, həm istifadədə rahatlıq yaradır, həm də interyerə daha premium görünüş verir".
Samir


