İlk birgə səyahət cütlüklər üçün ciddi sınaq ola bilər.
HİT.az xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, məhz tətil zamanı tərəfdaşlar uzun müddət birlikdə olduqları üçün xarakter fərqləri, məişət vərdişləri və fikir ayrılıqları daha tez üzə çıxır.
"Vueling" aviaşirkətinin 2 min britaniyalının iştirakı ilə keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 43 faizi ilk birgə tətil zamanı partnyorunda onları soyudan davranışlar müşahidə etdiyini bildirib.
Sorğu iştirakçılarını ən çox qıcıqlandıran vərdişlər bunlar olub:
* təyyarə eniş etdikdən sonra alqışlamaq;
* yeməklərin sosial şəbəkələr üçün davamlı şəkildə şəkillərini çəkmək;
* güzəştə getmək istəməmək;
* istirahət tərzi və gündəlik vərdişlərdə uyğunsuzluq.
Bununla yanaşı, respondentlərin 89 faizi hesab edir ki, ilk birgə səyahət münasibətlərin gələcəyini müəyyən edə bilər.
Belə səfərlərdən sonra ayrılığı ən çox Z nəsli nümayəndələri düşünür. Gənclərin 61 faizi tətil zamanı partnyorunda qəfil ikrah hissi yaradan müəyyən davranışlar müşahidə etdiyini etiraf edib. Respondentlərin 10 faizi isə səyahət başa çatmamış ayrıldıqlarını bildirib.
Səyahətdə münaqişələrin qarşısını necə almaq olar?
Münasibətlər üzrə kouç Lorin Krenn tətilə çıxmazdan əvvəl gözləntilərin müzakirə edilməsini, hər kəsin səyahət vərdişləri barədə açıq danışmasını, bütün vaxtı birlikdə keçirməyə çalışmamağı və gözlənilməz vəziyyətlərə hazır olmağı tövsiyə edir.
Onun sözlərinə görə, sosial şəbəkələrin yaratdığı "ideal tətil" anlayışı cütlüklər üzərində lazımsız təzyiq formalaşdırır. Əslində isə gözlənilməz hadisələr və problemlərin birlikdə həll edilməsi sonradan ən dəyərli xatirələrə çevrilir.
Sorğu həmçinin göstərib ki, birgə səyahətin müsbət tərəfləri də az deyil. Respondentlərin təxminən yarısı məhz tətil zamanı həyatlarını birlikdə keçirmək istədikləri insanın yanlarında olduğunu anladıqlarını bildirib.
Samir


