Müasir soyuducuların üzərində təyinatı hər zaman aydın olmayan müxtəlif işarələrə rast gəlinir. Onlardan ən geniş yayılanlarından biri qar dənəsi simvoludur.
HİT.az xəbər verir ki, "Slash Gear" nəşrinin yazdığına görə, əksər hallarda bu işarə maksimum soyutma və ya sürətli dondurma rejimini ifadə edir.
Temperatur tənzimləyicisi qar dənəsi işarəsinə doğru çevrildikdə soyuducu daha intensiv soyutmağa başlayır. Bəzi modellərdə bir neçə soyutma səviyyəsi olur və bunlar rəqəmlərlə və ya bir neçə qar dənəsi simvolu ilə göstərilir. Səviyyə nə qədər yüksəkdirsə, temperatur bir o qədər aşağı olur.
Lakin bu işarənin mənası istehsalçıdan asılı olaraq dəyişə bilər. Məsələn, qar dənəsi simvolu sürətli dondurma ("Power Freeze") rejimini göstərə bilər. Bu funksiya dondurucu kamerada temperaturu qısa müddətdə aşağı salaraq məhsulların təravətini qorumağa və onların daha tez donmasına kömək edir. Bəzi markalarda, o cümlədən "Samsung" modellərində bu rejim buzun daha sürətli hazırlanmasına da xidmət edir.
Bəzən qar dənəsi işarəsi digər simvollarla birlikdə istifadə olunur. Məsələn, meyvə şəkli ilə yanaşı olan qar dənəsi meyvə və tərəvəzlərin saxlanması üçün daha yüksək rütubətə və aşağı temperatura malik xüsusi bölməni ifadə edir. Konteyner təsviri üzərindəki qar dənəsi isə adətən dondurulmuş məhsulların uzunmüddətli saxlanması üçün nəzərdə tutulmuş bölməni göstərir.
Mütəxəssislər qeyd edirlər ki, simvolların mənası modeldən-modelə fərqlənə bilər. Buna görə də soyuducunun bütün funksiyalarından düzgün istifadə etmək və cihazın istismar müddətini uzatmaq üçün istifadə təlimatını diqqətlə oxumaq tövsiyə olunur.
Samir


