Tək qalmağı sevən insanların fərqli xarakter xüsusiyyətləri olur - TƏDİQAT

MARAQLI
23:53 / 06.08.2026
39

Müasir dövrdə tənhalıq tez-tez “epidemiya” kimi xarakterizə olunsa da, bir çox insanın şüurlu şəkildə tək qalmağa üstünlük verməsi diqqət çəkir.

HİT.az “Upworthy” nəşrinə istinadən xəbər verir ki, tək olmaqla özünü tənha hiss etmək eyni anlayış deyil və elmi araşdırmalar da bunu təsdiqləyir.

Son on ildə aparılan tədqiqatlar göstərib ki, tək qalmaqdan zövq alan insanlarda müəyyən xarakter xüsusiyyətləri üstünlük təşkil edir.

Ən geniş yayılmış stereotiplərdən biri odur ki, tək qalmağı sevən insanlar mütləq introvertdirlər. Lakin alimlər bu fikir üçün kifayət qədər dəlil tapmayıblar.

Universitet tələbələrinin iştirakı ilə aparılan iki araşdırmada insanların tək qalmağa üstünlük verməsinin səbəbləri və buna motivasiyası öyrənilib.

Tədqiqat müəllifləri bildiriblər ki, nəticələr introversiyanın nə tək qalmağa üstünlük verməni, nə də buna motivasiyanı proqnozlaşdırdığını göstərib.

Araşdırmaya əsasən, bu meyli formalaşdıran əsas xüsusiyyət “dispozisional muxtariyyət”dir. Bu anlayış insanın davranışlarını öz dəyərləri və seçimləri əsasında tənzimləmək bacarığını ifadə edir.

“Kim təkliyi sevir?” adlı tədqiqatın müəllifləri dispozisional muxtariyyətin üç əsas komponentini qeyd edirlər:

* Öz dəyərləri və maraqları ilə uyğun davranmaq. Yəni insan öz prinsiplərinə sadiq qalır və həyatını onlara uyğun qurur.
* Öz emosiyalarını araşdırmağa maraq göstərmək. Tək qalmağı sevən insanlar hisslərini anlamağa və təhlil etməyə daha meyilli olurlar.
* Xarici təzyiq və ictimai təsirdən daha az asılı olmaq. Belə insanlar qərarlarını başqalarının gözləntilərinə deyil, şəxsi seçimlərinə əsasən verirlər.

Məqalədə qeyd olunur ki, tək qalmaqdan zövq alan insanlar adətən öz dəyərlərinə uyğun yaşamağa, maraqlarına uyğun hərəkət etməyə, emosiyalarını daha yaxşı anlamağa və cəmiyyətin təzyiqindən daha az təsirlənməyə çalışırlar.

Bununla yanaşı, bəzi insanlar üçün başqa amillər də rol oynaya bilər.

“Psychology Today” jurnalında psixoloq Virciniya D. Tomas yazır ki, yüksək həssaslığa malik insanlar (HSP) üçün tək qalmaq sadəcə xoş seçim deyil, həm də psixoloji tarazlığı qorumaq üçün vacibdir.

Onun sözlərinə görə, yüksək həssaslığa malik insanların təkliyə ehtiyac duymasının əsas səbəbləri bunlardır:

* Məlumatı daha dərindən emal etmək. Tək qalmaq hadisələri müxtəlif baxış bucaqlarından qiymətləndirməyə və yaşananları daha yaxşı dərk etməyə imkan verir.
* Həddindən artıq stimullaşmanın qarşısını almaq. Güclü empatiya və yüksək həssaslıq səbəbindən onlar səs-küy, parlaq işıq və intensiv sosial ünsiyyətdən daha tez yorulurlar.
* Stressi azaltmaq. Eyni anda çoxlu iş və məlumat axını yüksək həssas insanlar üçün daha çox gərginlik yaradır və tək qalmaq bu yükü azaltmağa kömək edir.

Samir
 

0