Bir çox it sahibi ev heyvanının cəzalandırıldıqdan sonra göstərdiyi davranışı inciklik kimi qəbul edir. Lakin mütəxəssislərin sözlərinə görə, əslində itlər bu cür hallarda stress keçirir və münaqişədən yayınmağa çalışırlar.
HİT.az xəbər verir ki, bu barədə RİAМО-ya Rusiya Kinologiya Federasiyasının prezidenti Vladimir Qolubev danışıb.
Onun sözlərinə görə, bu vəziyyət antropomorfizmin klassik nümunəsidir. Yəni insanlar heyvanların davranışını öz emosiyaları ilə izah etməyə çalışırlar.
"İnsan incik düşəndə ünsiyyətdən qaçır, göz təmasından yayınır və ya otağı nümayişkaranə şəkildə tərk edir. Bizə elə gəlir ki, it də eyni davranışı göstərir. Amma itlərin təbiəti tamamilə fərqlidir və onların davranışını insanlarla eyniləşdirmək olmaz", deyə mütəxəssis bildirib.
Qolubevin sözlərinə görə, itlər insanlarda olduğu kimi inciklik və ya ədalətsizlik hissini yaşamırlar, həmçinin qisas planı qurmurlar. Sahiblərin inciklik kimi qəbul etdiyi davranışlar əslində qorxu və ya stressin əlamətləridir.
Mütəxəssis izah edib ki, itin gözünü yayındırması münaqişədən qaçmaq istəyini göstərir. Çünki birbaşa göz təması itlər üçün təhlükə siqnalı hesab olunur. Əsnəmək, dodaqlarını yalamaq və ya başqa otağa keçməyə çalışmaq da gərginlik və xoşagəlməz vəziyyətdən uzaqlaşmaq istəyinin göstəricisidir.
Kinoloq sahiblərin tez-tez yol verdiyi başqa bir səhvə də diqqət çəkib. Onun sözlərinə görə, əgər it uzun müddət əvvəl etdiyi hərəkətə görə sonradan cəzalandırılırsa, o artıq sahibinin narazılığını həmin davranışla əlaqələndirə bilmir. Bu halda heyvan yalnız mənfi emosiyaları hiss edir ki, bu da sahibinə olan etimadın azalmasına və ondan uzaq durmağa səbəb ola bilər.
Vladimir Qolubev vurğulayıb ki, arzuolunmaz davranışı düzəltmək üçün iti sonradan cəzalandırmaq əvəzinə, düzgün davranışları mükafatlandırmaq və onun üçün təhlükəsiz, sabit mühit yaratmaq daha effektiv yanaşmadır.
Samir


