Misirin Luksor şəhəri yaxınlığında arxeoloqlar tarixi abidələri daşqınlardan qorumaq məqsədilə aparılan işlər zamanı əvvəllər qeydə alınmayan qədim Misir məzarı aşkar ediblər. Təxminən 3 min il yaşı olan məzarın yüksək vəzifəli məmura məxsus olduğu ehtimal edilir.
HİT.az xəbər verir ki, tapıntı Nil çayının qərb sahilində, qədim Fiv nekropolunun ərazisində aşkarlanıb. Beynəlxalq arxeoloq qrupu 2018-ci ildən Misirin Turizm və Qədim Abidələr Nazirliyi ilə birlikdə burada araşdırmalar aparır.
Mütəxəssislər əvvəlcə artıq məlum olan məzarları sudan qorumaq üçün ərazini təmizləyib və drenaj sistemi qurmağa başlayıblar. İşlər zamanı torpağın altında əvvəllər sənədləşdirilməmiş məzarın girişini aşkar ediblər.
Araşdırmalar nəticəsində tikilinin Ramessidlər dövrünə, yəni təxminən e.ə. 1292–1069-cu illərə aid olduğu müəyyənləşdirilib. Məzarın planı Yeni Krallıq dövründə Fiv zadəganları üçün inşa edilən dəfn komplekslərinə xas xüsusiyyətlər daşıyır.
Məzarın ibadət kapellasının divarlarında rəngli təsvirlərə rast gəlinib. Rəsmlərdə bir kişi və qadın, ehtimal ki, məzarın sahibi Pasеr və onun həyat yoldaşı təsvir olunur. Onların qarşısında çörək, pivə, meyvə və güllərdən ibarət qurban süfrəsi yerləşdirilib.
Divarlarda həmçinin qədim Misir tanrılarına sitayiş səhnələri əks olunub. İlkin təhlillər məzarın yüksək vəzifəli məmur Pasеrə aid ola biləcəyini göstərsə də, alimlər hələlik bu versiyanı qəti təsdiqləməyiblər.
Mütəxəssislər bildirirlər ki, rəsmlərin üzərində hələ də çirk və çöküntülər var. Təmizləmə işləri başa çatdıqdan sonra məzarın sahibi və burada dəfn olunan digər şəxslər barədə daha ətraflı məlumat əldə etmək mümkün ola bilər.
Yeni tapıntı Ramessidlər dövründə məmurların niyə XVIII sülaləyə aid daha qədim abidələrin yaxınlığında yeni məzarlar inşa etdiyini və ya köhnə dəfn yerlərini yenidən qurduğunu anlamağa kömək edə bilər.
Alimlər ərazinin seçilməsində dini mərasimlərin, ailə məzarlarının və həmin məkanın dini əhəmiyyətinin hansı rol oynadığını araşdırmaq niyyətindədirlər.
Lakin məzarın özünün də ciddi təhlükə ilə üzləşdiyi bildirilir. Ərazidə suyun səviyyəsinin yüksəlməsi qədim divar rəsmlərində duz kristallarının yaranmasına, konstruksiyaların zədələnməsinə və tarixi abidənin tədricən dağılmasına səbəb ola bilər.
Samir


