Evdə yaş it qoxusu varsa, səbəb bunlardan biri ola bilər

MARAQLI
21:57 / 28.09.2026
56

Evdə heç bir heyvan olmadığı halda otaqlardan birində yaş itə bənzər xoşagəlməz qoxunun gəlməsi mümkündür. Mütəxəssislərin fikrincə, bunun səbəbi müxtəlif məişət əşyalarında toplanan nəmlik, çirk və bakteriyalar ola bilər.

HİT.az xəbər verir ki, bu barədə "Good House Keeping" yazıb.

Tozsoran

Tozsoranın içərisində yığılan toz, tük, qida qalıqları və digər çirklər nəm çəkdikdə xoşagəlməz qoxu yarada bilər. Bu qoxu cihaz işlədikcə yenidən otağa yayıla bilər.

Problemi aradan qaldırmaq üçün torbanı və ya konteyneri təmizləmək, yuyula bilən filtrləri yumaq və tam quruduqdan sonra yerinə qoymaq lazımdır. Şlanq və fırçada ilişib qalan tükləri də yoxlamaq tövsiyə olunur.

Evdə paltar qurutmaq

Yaş paltarların zəif havalandırılan otaqda uzun müddət qurudulması da evdə rütubətli və kifə bənzər qoxunun yaranmasına səbəb ola bilər. Paltarlar bir-birinə çox yaxın asıldıqda onların quruması ləngiyir və bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır.

Bunun qarşısını almaq üçün paltarları asmazdan əvvəl əlavə sıxma rejimindən istifadə etmək, onları aralı yerləşdirmək və otağı yaxşı havalandırmaq məsləhətdir. Nəmişlik qoxusu hopmuş paltarlar isə yenidən yuyulmalıdır.

Qabyuyan maşının filtri

Xoşagəlməz qoxunun digər mənbəyi qabyuyan maşın ola bilər. Qida qalıqları, yağ, çirk və su filtrdə və qapının rezin hissələrində toplandıqda bakteriyaların çoxalması üçün şərait yaranır.

Filtri çıxarıb yaxşıca yumaq, onun altında qalan qida qalıqlarını təmizləmək və qapının rezin hissəsini silmək lazımdır. Maşının içərisinin quruması üçün yuma prosesləri arasında qapını bir qədər açıq saxlamaq da faydalıdır.

Beləliklə, evdə səbəbsiz yaranan yaş it qoxusunu aradan qaldırmaq üçün ilk növbədə tozsoranı, paltarların qurudulduğu yeri və qabyuyan maşını yoxlamaq məsləhətdir.

Samir

0